Yuxarı
    Bağlamaq

    DİM: Buraxılış imtahanında 35 012 şagirdin iştirakı nəzərdə tutulub

    İmtahan Bakı və respublikanın 28 şəhər və rayonunda keçiriləcək
    © Report

    Bakı. 15 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) mart ayının 18-də keçirəcəyi 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsində 35 012 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.

    DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, buraxılış imtahanı Bakı (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda keçiriləcək. 

    İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 9-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır: "Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, imtahan materialları (sual kitabçası, cavab vərəqi, inşa vərəqi) imtahanın sonunda nəzarətçilərə təhvil verilməlidir. Əks halda şagirdin imtahan nəticələri ləğv edilir. Materialların hər hansı vasitə ilə kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanması da qadağandır. Belə hal baş verdikdə imtahan materiallarını yayanlar haqqında müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir".

    İmtahan saat 11:00-da başlayacaq.

    Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    - imtahana buraxılış vərəqəsini;

    - şəxsiyyəti təsdiq edən sənədin əslini:

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    - Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    İmtahanların keçirilməsi üçün ümumilikdə 96 imtahan mərkəzi ayrılıb.

    9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 35012 (Yasamal rayonunda 251, Səbail rayonunda 216, Xətai rayonunda 20, Xəzər rayonunda 109, Nərimanov rayonunda 15, Sabunçu rayonunda 209, Nəsimi rayonunda 54, Qaradağ rayonunda 37, Nizami rayonunda 42, Pirallahı rayonunda 10, Gəncə şəhərində 3292, Daşkəsən rayonunda 294, Şəmkir rayonunda 2489, Göygöl rayonunda 915, Samux rayonunda 687, Gədəbəy rayonunda 882, Qazax rayonunda 975, Ağstafa rayonunda 899, Tovuz rayonunda 2059, Şamaxı şəhərində 1000, Mingəçevir şəhərində 1180, Naftalan şəhərində 80, Goranboy rayonunda 1363, Yevlax şəhərində 1344, Şəki şəhərində 1982, Zaqatala rayonunda 1379, Balakən rayonunda 908, Qəbələ rayonunda 1357, Qax rayonunda 615, Oğuz rayonunda 570, Göyçay şəhərində 1272, Ağdaş rayonunda 1256, İsmayıllı rayonunda 1039, Quba rayonunda 1942, Qusar rayonunda 1096, Xaçmaz şəhərində 2017, Şabran şəhərində 675, Siyəzən rayonunda 482 nəfər) şagirdin iştirakı nəzərdə tutulur.

    İmtahanların idarə olunmasına ümumilikdə 248 imtahan rəhbəri, 2915 nəzarətçi‑müəllim ayrılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi