DİM 268 şagirdin esse nəticəsini ləğv edib

DİM 268 şagirdin esse nəticəsini ləğv edib Fərqlənmə sənədini almaq üçün namizəd olanlar 7 və ya daha yuxarı bal toplamalıdırlar
Elm və təhsil
30 İyun , 2017 15:28
DİM 268 şagirdin esse nəticəsini ləğv edib
Report

Bakı. 30 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 9-cu sinif şagirdləri tərəfindən yazılmış inşalara (esselərə) verilən qiymətləri elan edib. 

DİM-dən "Report"a bildirilib ki, şagirdlər DİM-in internet saytında buraxılış imtahanının nəticələri (http://eservices.dim.gov.az/netorta/?frm=egov) bölməsinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz inşalarına verilən qiymətlə, həmçinin inşa vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.

Ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 27074 şagird inşa (esse) yazıb. İnşa (esse) 10 ballıq şkala ilə qiymətləndirilir. Ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınır. Fərqlənmə sənədini almaq üçün namizəd olanlar 7 və ya daha yuxarı bal toplamalıdırlar.

6276 şagirdin yazdığı inşa (esse) 7 və ya daha yuxarı balla qiymətləndirilib. 268 şagirdin nəticəsi isə yazdığı inşada (essedə) özünü tanıtma ilə bağlı məlumatlar (ad, soyad, ata adı, ana adı, oxuduğu məktəb, məktəb direktorunun adı, soyadı və s.) qeyd edildiyindən ləğv edilib.

İnşaların (esselərin) nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Bakı şəhəri və regionlarda Apelyasiya Komissiyaları yaradılıb. Şagirdlər Apelyasiya Komissiyalarına 3-6 iyul tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Apelyasiya Komissiyaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

DİM Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında)
• DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
• DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
• DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
• DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
• DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
• DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
• DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
• DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 100).

Son xəbərlər

Orphus sistemi