Yuxarı
    Bağlamaq

    DİM 1200-ə yaxın vakant vəzifəyə qəbul üçün növbəti müsahibə elan edib

    Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 9-dək davam edəcək
    © Report

    Bakı. 11 yanvar. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant 1145 icraçı (mütəxəssis) vəzifəsinə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

    DİM-dən "Report"a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 9-dək davam edəcək.

    Müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

    Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və yanvar 11-dən fevralın 9-u saat 18:00 dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

    Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

    Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

    Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

    Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

    Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

    Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

    Qeyd edək ki, ən çox vakansiya aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

    - Kənd Təsərrüfatı Nazirliyi (451 vakant vəzifə): BA3 altqrupu üzrə - 21, BA4 altqrupu üzrə - 4, BB1 altqrupu üzrə - 27, BB2 altqrupu üzrə - 5, BB3 altqrupu üzrə - 295, BB4 altqrupu üzrə - 99;

    - Əmlək Məsələləri Dövlət Komitəsi (140 vakant vəzifə): BA3 altqrupu üzrə - 2, BA4 altqrupu üzrə -15, BB1 altqrupu üzrə - 11, BB2 altqrupu üzrə - 18, BB3 altqrupu üzrə - 21, BB4 altqrupu üzrə - 73;

    - Dövlət Statistika Komitəsi (78 vakant vəzifə): BA3 altqrupu üzrə - 1, BA4 altqrupu üzrə - 9, BB2 altqrupu üzrə - 42, BB3 altqrupu üzrə - 8, BB4 altqrupu üzrə - 18;

    - Ekologiya və Təbii Sərvətlər Nazirliyi (75 vakant vəzifə): BA4 altqrupu üzrə - 6, BB2 altqrupu üzrə - 4, BB4 altqrupu üzrə - 65;

    - Mədəniyyət və Turizm Nazirliyi (54 vakant vəzifə): BA3 altqrupu üzrə - 1, BA4 altqrupu üzrə - 3, BB1 altqrupu üzrə - 3, BB2 altqrupu üzrə - 1, BB3 altqrupu üzrə - 17, BB4 altqrupu üzrə - 29;

    - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (32 vakant vəzifə): BB3 altqrupu üzrə - 11, BB4 altqrupu üzrə - 21.

    Müsahibəyə çıxarılan vakant vəzifələrin tutulması üzrə iş stajına dair tələblər “Ümumi şərtlər”ə uyğun olaraq aşağıda göstərilən qaydada müəyyən edilib:

    İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

    BA3 vəzifə altqrupu üzrə:

    baş mühasib - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı;

    baş məsləhətçi - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;

    böyük məsləhətçi - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;

    BA4 vəzifə altqrupu üzrə:

    aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.

    İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

    BB1 vəzifə altqrupu üzrə :

    baş mühasib- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;

    baş məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;

    böyük məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;

    BB2 vəzifə altqrupu üzrə:

    aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.

    İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

    BB3 vəzifə altqrupu üzrə:

    baş mühasib, baş məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;

    böyük məsləhətçi - tələb müəyyən edilmir;

    BB4 vəzifə altqrupu üzrə:

    aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.

    Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

    - struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

    - vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi