Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda 12 illik təhsil sisteminə keçid üçün dərslik hazırlığı sahəsində yeni qaydalar tətbiq olunacaq. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qeyd olunub.
Plana əsasən, səriştə əsaslı ümumi təhsil standartlarının və kurikulumlarının hazırlanması nəzərdə tutulur. 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarının hazırlanması və ekspertizası 2015-2016-cı illər üçün Təhsil Nazirliyinə həvalə olunub.
12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarının təsdiqi gələn il üçün Nazirlər Kabinetinə tapşırıb. Qurum 12 illik ümumi təhsilə keçidi təmin etmək məqsədi ilə müvafiq qanunvericilik aktlarında dəyişikliklər edəcək.
Eyni zamanda, Təhsil Nazirliyi 2016-2017-ci illərdə 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumlarının hazırlanması həyata keçirəcək.
2016-2017-ci illərdə planlaşdırılan dərslik hazırlığı sahəsində yeni qaydaların hazırlanması isə Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olunub.