Deputat: "Zərifə Əliyevanın kəşfləri oftalmologiya elminə böyük töhfələr verib"

Deputat: "Zərifə Əliyevanın kəşfləri oftalmologiya elminə böyük töhfələr verib" ADİU-da akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib
Elm və təhsil
28 Aprel , 2015 16:14
Deputat: Zərifə Əliyevanın kəşfləri oftalmologiya elminə böyük töhfələr verib

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib. Bu barədə "Report"a ADİU-nun Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

ADİU-nun rektoru, professor Ədalət Muradov çıxış edərək, görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışıb. O bildirib ki, tibb elmində böyük xidmətləri olan oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir: "O, Azərbaycana ölkəmizin dünya dövlətləri sırasında önəmli yer tutmasında müstəsna rolu olan Prezident İlham Əliyevi bəxş edib".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şuranın üzvü Sədaqət Qəhrəmanova çıxışında vurğulayıb ki, Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub: "Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Zərifə xanımla Heydər Əliyevin ailəsi, onların yetişdirdiyi övladlar bugünkü gənc ailələrə örnəkdir".

Milli Məclisin deputatı Qənirə Paşayeva görkəmli alimin Azərbaycan oftalmologiya elminin inkişafında gördüyü işlərdən danışıb. O, bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr edən Zərifə xanımın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söz açıb: "Zərifə xanımın kəşfləri oftalmologiya elminə böyük töhfələr verib".

YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova bildirib ki, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur: "Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə edib. Bu, onun fədakar ana olmasından irəli gəlirdi".

Tədbirdə ictimai xadim, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi