Deputat: "Təhsil Nazirliyinin adı dəyişdirilməlidir"

Deputat: "Təhsil Nazirliyinin adı dəyişdirilməlidir" Zahid Oruc: "Bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalıdır"
Elm və təhsil
17 May , 2016 14:18
Deputat: Təhsil Nazirliyinin adı dəyişdirilməlidir

Bakı. 17 may. REPORT.AZ/ "Bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalıdır". 

"Report"un xəbərinə görə, bunu Milli Məclisin mayın 17-də keçirilən iclasında “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib. 

O qeyd edib ki, bağçalar bu gün uşaqların 3-5 faizi üçün əlçatandır.

Deputat bildirib ki, bağçalar dövlətin və icra qurumlarının nəzarətindədir, özəl bağçalar isə azdır: "Bağçaların Bakı Şəhər İcra Hakimiyyətinə nə adiyyəti olduğunu Hacıbala müəllimdən başqa heç kəs deyə bilməz. Bağça xidmət deyil, gələcək elmin sirlərinin ilk üsullarla öyrədilmə yeridir. Parlament üzvləri olaraq bu fikri möhkəmləndirək ki, bağçalar Təhsil Nazirliyinə qaytarılsın, icra nümayəndələri üçün yem olmaqdan çıxsın. Bağçada uşağın "soska"sına göz dikənlər varsa, gələcəkdə nəyi hesabladıqlarını yaxşı bilirlər”.

Daha sonra deputat alimlərə dövlət tərəfindən göstərilən qayğı barədə danışıb. O qeyd edib ki, hər bir ölkə alimlərini yaxşı dolandırmağa, onlara qayğı göstərməyə çalışır. “Biz ölkənin iqtisadiyyatını elmə transfer etməyi bacarmalıyıq. Amma Azərbaycan alimlərinin sayı 10 minə qədərdir. Əhalinin 100 minə düşən alimlərin sayı bir nəfərdir. Regionda başqa dövlətlərdən güclü olduğumuz halda bu məsələdə Ermənistan bizdən öndədir. İddia etmirəm ki, alimlərimiz onlardan zəif və ya güclüdür. Say etibarı ilə onlarda 100 minə 3 alim düşür”. 

Deputat vurğulayıb ki, alimin maaşı əsas kriteriya olmalıdır. “Elm adamlarının təminatı birinci olmalıdır. Elm sahəsi iqtisadiyyatlaşdırılmalıdır, elmin əsas vəzifəsi cəmiyyət, yaxşı toplum yetişdirməkdir. Bütün dünyada elmin özəl qurumlar vasitəsilə maliyyələşdirilməsi gedir. Dövlət elmə böyük vəsait qoymasa, bu ölkəni inkişaf etdirmək çətin olacaq”.

Z.Oruc təklif edib ki, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılsın. “Biz diplom alırıq, yastığımızın altında saxlayırıq. 23 yaşından sonra deyirik ki, əmək bazarının dəyişikliyinə uyğun diplomumuzu dəyişməyək. Dövlət onu da stimullaşdırmalıdır ki, əmək bazarına uyğun ikinci və üçüncü təhsil alaq. Zamanla Azərbaycan universitetləri də reytinq cədvəllərində ön yerdə olacaq. Azərbaycanda dövlət sifarişi olanda universitetlər yarışmalıdır və onların reytinqi bununla bilinməlidir. Bu vasitəylə onlar pul qazana bilər. Bu gün hər bir universitet tələbənin durumundan asılı olmayaraq dövlət sifarişi ala bilir. Lakin universitetlər arasında elələri var ki, orada 3-4 tələbədən başqa oxuyan yoxdur. O zaman dövlət sifarişi niyə alırlar?”.

Son xəbərlər

Orphus sistemi