Yuxarı
    Bağlamaq

    Deputat: “Azərbaycandilli məktəblərin direktorlarının gürcü dilini bilməsi soydaşlarımızın xeyrinədir”

    Deputatın sözlərinə görə, bu ildən məktəb direktorlarının sertifikatlaşdırılması da həyata keçiriləcək
    © Report

    Tbilisi. 5 yanvar. REPORT.AZ/ Gürcüstanın Elm və Təhsil Nazirliyinin qərarına əsasən, bu ildən ölkədəki etnik azlıqların yaşadıqları bölgələrdəki orta məktəblərin direktorları yeni qaydalara əsasən seçiləcəklər.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu qaydalara əsasən, etnik azlıqların yığcam yaşadıqları bölgələrdəki orta məktəblərin direktorlarının dövlət dilini bilməsi məcburi olacaq.

    Nazirliyin bu qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi siyasətçilər belə bir qaydanın tətbiqini hökumətin milli azlıqları sıxışdırmaq cəhdi kimi qiymətləndiriblər. Lakin bunun əksini düşünənlər də çoxdur.

    Uzun müddət təhsil sistemində çalışan, hazırda Gürcüstan parlamentinin deputatı olan Ruslan Hacıyev “Report”a açıqlamasında deyib ki, Azərbaycandilli məktəblərin direktorlarının gürcü dilini bilməsi tələbi əvvəllər də var idi: “Bu gün yenidən bu mövzuya qayıtmaqla Gürcüstan hökuməti milli azlıqları sıxışdırmır. Əksinə, bu qərar milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyasına təkan verəcək”.

    R.Hacıyev bildirib ki, artıq iki azərbaycanlı gənc məktəblərə direktor təyin olunub. Onların hər ikisi dövlət dilini mükəmməl bilirlər. Qalan məktəblərə də gürcü dilini mükəmməl bilən azərbaycanlı müəllimlər direktor təyin olunacaqlar. Bu gənc nəslin də dövlət dilini öyrənmələrinə diqqətini, marağını artıracaq.

    Gürcüstanın Elm və Təhsil Nazirliyində bir sıra görüşlər keçirdiyini vurğulayan R.Hacıyev vurğulayıb ki, bu görüşlərdə azərbaycanlıların təhsil problemlərinin həlli, inteqrasiyası və müvafiq işlərlə təmin olunmaları məsələləri diqqət mərkəzində olub.

    Deputatın sözlərinə görə, bu ildən məktəb direktorlarının sertifikatlaşdırılması da həyata keçiriləcək.

    Qeyd edək ki, bu gün azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində 10-a yaxın məktəbin direktor vəzifəsi boşdur və ilkin mərhələdə məhz həmin məktəblərdə direktor vəzifəsinin tutulması ilə bağlı müsabiqə elan olunub. Gürcü dilini bilmək hər bir namizəd üçün vacib şərt kimi irəli sürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi