Dekan: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”

Dekan: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir” Zəfər Qurbanov: "Bu ilki istehsalat təcrübəsinə Ali Məktəbimiz üzrə 326 nəfər tələbə cəlb olunub"
Elm və təhsil
22 İyun , 2017 11:55
Dekan: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
BANM

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) tələbələr üçün istehsalat təcrübəsi başlayıb. BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov bununla bağlı Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- BANM-də istehsalat təcrübəsi başlayıb. Tələbələr hansı müəssisələrdə təcrübə keçirlər?

- Daima öndə gedən ali təhsil müəssisəsi olan BANM hər il olduğu kimi bu il də öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir. Belə ki, tələbələrin tədrisdə əldə etdikləri nəzəri biliklərin təcrübədə zənginləşdirilməsi məqsədilə hər il BANM-in tələbələri SOCAR-ın bir çox idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” və “Star” kimya zavodlarına istehsalat təcrübəsinə göndərilir. Bu ilki istehsalat təcrübəsinə Ali Məktəbimiz üzrə 326 nəfər tələbə cəlb olunub. 

“Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 140 nəfər tələbə Azneft İstehsalat Birliyinin “Bibiheybət” Neft Qaz Çıxarma İdarəsi (NQÇİ), Ə.C.Əmirov adına NQÇİ, H.Z. Tağıyev adına NQÇİ, Abşeron və “28 May” adına NQÇİ-lərində yay istehsalat təcrübələri keçirlər.

“Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr yay istehsalat təcrübəsini Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində keçirlər.

Bu ilin iyul ayının 1-dən etibarən isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 49 nəfər tələbə Emerson Process Management, AVANDSIS GROUP, Schneider Electric, NÖC və Avtomatika, ATENAU LTD beynəlxalq şirkətlərində və həmçinin bu il ilk dəfə olaraq “Azərsu” ASC-də təcrübə keçəcəklər.

- İstehsalat təcrübəsinin məqsədi və əhəmiyyəti nədən ibarətdir?

- Bu təcrübə tələbələrin il boyu əldə etdikləri nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların təcrübəli mütəxəssis kimi yetişmələrinə kömək edir. İstehsalat təcrübəsi zamanı tələbələr ilk öncə komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə şirkətin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr həyata keçirirlər. Bundan başqa tələbələr istehsalat təcrübəsi keçdikləri müəssisələrdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edir, uyğun geyimlərlə təmin olunur və gələcəkdə iş yerlərində bu kimi vərdişlərə yiyələnirlər.

- Bu il keçirilən yay təcrübəsi keçən ildən nə ilə fərqlənir?

- Bu ilki istehsalat təcrübəsi keçən illərdə təşkil olunan təcrübədən onunla fərqlənir ki, hər il tapşırıqlar Ali məktəb tərəfindən tələbələrə verilirdisə, bu il istehsalat təcrübəsi keçəcəkləri müəssisə tərəfindən faktiki işə uyğun olaraq təqdim olunur. Təcrübə keçirilən müddətdə tələbələr verilən tapşırıqları yerinə yetirmələri ilə bağlı hesabatlar hazırlayır və bu hesabatlar “Turnitin” antiplagiat sistemində yoxlanılır daha sonra təqdimata buraxılır. Komissiya qarşısında çıxış edən tələbələrin təqdimatları qiymətləndirilir və bu qiymətlər tələbələrimizin ümumi istehsalat təcrübəsinin yekun nəticəsi kimi qəbul olunur.

- BANM-in tələbələrinin müxtəlif xarici ölkələrdə təcrübə keçməsi onların yüksək ixtisaslı mühəndis olmasına imkan verir. Bu il Ali Məktəbinin məzunları xarici şirkətlərdən iş təklifləri alıblar?

- Bildiyiniz kimi, SOCAR enerji sektorunda milliləşdirmə siyasətini həyata keçirir. Əsas prioritetlərindən biri Azərbaycanın neft-qaz sektorunda və beynəlxalq layihələrində çalışacaq yüksək ixtisaslı və ingilis dilli mütəxəssislərin hazırlanmasıdır. Bu məqsədlə fəaliyyət göstərən BANM ilk məzun buraxılışını həyata keçirəcəkdir. Bu ilki məzunlarımız SOCAR-ın yerli müəssisələri daxil olmaqla, müxtəlif transmilli təşkilatlara- BP, STAR və PETKİM kimya zavodları, İtaliyanın Maire Tecniimont Group şirkəti, SOCAR Polimer, SOCAR Upstream, SOCAR AQŞ işə dəvət almaqla yanaşı BANM-in və bir çox inkişaf etmiş ölkələrin nüfuzlu ali məktəblərinin magistratura proqramlarına qəbul olunmuşdur. 

Son xəbərlər

Orphus sistemi