Yuxarı
    Bağlamaq

    Daha 45 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçəcək

    Onların əmək haqları 2018-ci ilin yanvar ayından artımla ödəniləcək© Report.az

    Bakı. 7 aprel. REPORT.AZ/ Təhsil Nazirliyində ölkənin 26 şəhər və rayonunun dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

    “Report” xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovun sözlərinə görə, ilk diaqnostik qiymətləndirmə 16-21 apreldə Bərdə Olimpiya İdman Kompleksində təşkil olunacaq.

    O bildirib ki, 5 gün ərzində keçiriləcək qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək.

    Nazirlik rəsmisi qeyd edib ki, Ağstafa, Tovuz və Qazax rayonlarının ümumitəhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 25-27 apreldə Tovuzda, Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi 1-6 mayda Qax rayonunda təşkil olunacaq: “12-17 mayda Mingəçevirdə keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edəcək.

    Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmə isə iki gün davam edəcək. 24-25 mayda keçiriləcək qiymətləndirməyə Bakı şəhərindəki Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb ediləcək”.

    O qeyd edib ki, 45 minə yaxın müəllim imtahanlara cəlb olunacaq: “Onların əmək haqları 2018-ci ilin yanvar ayından artımla ödəniləcək”.

    Qeyd edək ki, diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi