Yuxarı

Ceyhun Bayramov: "2014-2015-ci tədris ili Azərbaycan təhsili üçün uğurlu oldu"

Tədris həftəsi 5 gün olan orta məktəblərdə Son zəng çalınıb

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanda tədris həftəsi 5 gün olan orta məktəblərdə "Son zəng" çalınıb. "Report" xəbər verir ki, Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli orta məktəbdə saat 11.00-dan 13.00-a qədər "Son zəng" mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, məktəbin direktoru Azər Ələkbərov və başqaları iştirak ediblər. 

Direktor A.Ələkbərov məktəbin uğurlarından danışıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov 2014-2015-ci tədris ilində Azərbaycan təhsil sistemində edilən yeniliklərdən danışıb, məzunları təbrik edib və onlara uğurlar arzulayıb: "Hesab edirəm ki, bu tədris ili Azərbaycan təhsili üçün uğurlu oldu. İlk dəfə olaraq ümumtəhsil siteminə işə qəbul olunan müəllimlər müəllim andı içərək fəaliyyətə başladılar. Eyni zamanda, bu il ilk dəfə olaraq gələcəyin müəllimi təqaüdü təsis edildi və 300 nəfər ən yüksək nəticə göstərmiş və ixtisas seçimində müəllimlik peşəsini seçən tələbəmiz həmin təqaüdə layiq görüldülər. Bu il ilk dəfə olaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirildi".

Digər qonaqlar, məktəbin müəllimləri və valideynlər də məzunları təbrik ediblər. Tədbir birinci və on birinci sinif şagirdlərinin hazırladıqları kompozisiyalarla ilə davam edib.

Qeyd edək ki, 228 nömrəli orta məktəbi bu il 60 şagird bitirib.

Xatırladaq ki, bu il Azərbaycanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 min 839, XI siniflərini isə 90 min 557 şagird bitirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi