Yuxarı
    Bağlamaq

    Cəlilabadın təzə məktəbi, Masallının yeni müəllimləri - REPORTAJ

    Cənub bölgəsində qızların məktəbə göndərilməməsi kimi fikirlər artıq köhnəlmiş sayıla bilər

    Bakı. 5 oktyabr. REPORT.AZ/ 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Təhsil Nazirliyi bu münasibətlə Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edib.

    “Report”un əməkdaşının da iştirak etdiyi tur zamanı jurnalistlər bir neçə məktəbə baş çəkib, yüksək bal toplayaraq bu rayonlarda işə yeni qəbul olunan müəllimlərlə görüşüblər.

    Rütubətli və şəraitsiz məktəbdən işıqlı sinif otaqlarına 

    Mətbuat nümayəndələri ilk olaraq Cəlilabad rayonunda yeni istifadəyə verilən modul tipli Fərzili kənd ümumi orta məktəbi ilə tanış olublar. Təhsil müəssisəsi 6 sinif, 1 müəllimlər otağından ibarətdir və burada 73 şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 19 müəllim məşğul olur. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir.

    Məktəbin direktoru Fuad Bəhramov bildirir ki, təhsil ocağının maddi-texniki bazası gücləndirilib: “Əvvəlki məktəb binası köhnə, rütubətli və bərbad vəziyyətdə idi. Şəraitsiz məktəb binasında dərslər keçilsə də, təhsilin keyfiyyətini təmin etmək mümkün deyildi. Yeni modul tipli məktəb binasından valideynlərlə yanaşı, pedaqoji heyətimiz də razıdır. Qısa müddətdə şagirdlərin də sayı az qala iki dəfəyə qədər artıb. Ötən il cəmi 59 şagirdimiz vardı. İndi onların sayı 73-ə çatıb”.

    İki növbəli sistemlə çalışan təhsil ocağındakı məktəbəhazırlıq qrupunda 10 şagird təhsil alır. Direktorun sözlərinə görə, şagirdlərin sayı dinamik olaraq artır: “Məktəbdə çalışan müəllimlərin əksəriyyəti işə qəbul imtahanlarında yaxşı nəticə göstərərək məhz bu məktəbi seçənlərdir. Bu il 4 nəfər - fiziki tərbiyə, texnologiya, riyaziyyat və fizika müəllimləri məktəbimizdə işə başlayıb. Cəlilabadın mərkəzi ilə Fərzili kəndi arasındakı məsafə cəmi 4 kilometr olduğundan hamı uşağını rayon mərkəzində yerləşən və şəraiti daha yaxşı olan məktəblərə aparırdı. Artıq valideynlər övladlarını məktəbimizə gətirir və bizə etibar edirlər”.

    İki müəllim – fiziki tərbiyədən dərs deyən Elnur müəllim və uşaqlara texnologiyaların sirrini öyrədən Nəzrin müəllimə gənc ailədir. Elnur müəllim bildirir ki, artıq bir aydır Nəzrin xanımla ailə qurub və həyat yoldaşı ilə bir məktəbdə işləmək onları çox sevindirir.

    Kimi polis, kimi müəllim olmaq istəyir...

    İndi bu məktəbdə dərs deyənlərin əksəriyyəti Fərzili sakinləridir. Müəllim Bəturə Kərimova məktəbəhazırlıq qrupunda uşaqlara yazıb-oxumaq öyrədir. 23 illik təcrübəsi olan Bəturə müəllim ibtidai sinif müəllimidir. O, bu il ilk dəfə 5 yaşlı uşaqlara dərs deyəcək: “Uşaqlarla işləmək çox maraqlıdır. 4-cü sinfim də var. Sadəcə onlar ikinci növbə olduğundan səhər məktəbəhazırlıq qruplarında da dərs deyirəm. Özüm də bu məktəbi bitirmişəm. Biz oxuyan vaxtı məktəb çox bərbad vəziyyətdə idi. Artıq məktəbimizdə yüksək səviyyəli şərait yarandığından uşaqlara yaxşı təhsil verə bilirik. Onlara yeni bilgilər öyrətmək çox maraqlıdır”.

    Məktəbəhazırlıq qrupunda olan Zəka isə ən çox şəkil çəkməyi xoşlayır. O böyüyəndə yol polisi olmaq və qaydaları pozanları tutmaq istədiyini deyir.

    Fərzili məktəbində təhsil alan ibtidai sinif şagirdi Məhəmməd böyüyəndə müəllim olmaq istəyir. O, bunun üçün yaxşı təhsil almaq istəyir. 

    4 nəvəsi bu təhsil ocağında oxuyan Rafael Bayramov Fərzilidəki əvvəlki məktəb binasının bərbad vəziyyətdə olduğunu söyləyir: “Qış sərt keçəndə uşaqlar dərsə gedə bilmirdilər. Hazırda yaxşı şəraiti olan məktəbdə verilən təhsildən də razıyıq. Bütün müəllim kollektivi savadlıdır”.

    Masallının 87 yeni müəllimi 

    Jurnalistlərin baş çəkdikləri növbəti ünvan Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəb olub. Bu il müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçən 87 nəfər gənc müəllim məhz Masallı rayonunun ümumi təhsil müəssisələrində fəaliyyətə başlayıb. 

    Onlardan 6 nəfəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbi seçib. 

    Müəllimlərin builki işə qəbul imtahanında 57 bal toplayaraq həmin məktəbdə 5-11-ci siniflərə tarix dərsi keçən Əli Alışlı dərsləri yeni tədris proqramı əsasında qurduğunu bildirir. Müəllim peşəsini çox sevdiyindən uşaqlara nəyisə öyrətmək onu xoşbəxt edən amildir.

    Sumqayıtdan Masallıya arzusunun arxasınca...

    54 balla müəllimliyə təyinat alan Rafael Əzimov kimya fənnini tədris edir. Araz Şahverdiyev isə müəllimlərin işə qəbulunda 54 bal toplayıb və məktəbdə riyaziyyat fənnini öyrədir. O, əsasən V-VII siniflərdə dərs aparır: “Müasir təlim metodlarından istifadə edirəm. Qruplarla işləyir, mövzuları araşdırırıq. Dərslərimiz çox maraqlı keçir”.

    Pərvin Babayeva builki imtahanlarda 48 bal toplayaraq doğma yurdu Masallıda ingilis dili fənnindən dərs demək qərarına gəlib və bu arzusunu həyata keçirib. Hazırda qohumları ilə yaşayan Pərvin müəllim buradakı vəziyyətindən çox razıdır: “2004-2007-ci illərdə Sumqayıt şəhərindəki orta məktəblərdən birində işləmişəm. Bura gəldiyimə görə peşman deyiləm. Hazırda I-XI siniflərdə dərs deyirəm. Müasir tədris metodları ilə dərs keçirəm və şagirdlər fikirlərini daha rahat ifadə edə bilirlər”.

    Məktəbin direktoru Mirxanım Hüseynovanın sözlərinə görə, məktəbdə 1965 şagird təhsil alır. 238 birinci sinif, 138 şagird isə məktəbəhazırlıq qrupunda oxuyur. Builki 117 məzundan 55 nəfəri ali məktəblərə, 15 nəfəri isə xarici ölkələrin universitetlərinə daxil olub. 3 nəfər 600-dən, 10 nəfər isə 500-dən artıq bal toplayıb.

    20 yaşlı müəllim 

    Ərkivan qəsəbəsindəki Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəb də Masallının böyük təhsil ocaqlarındandır. 

    Məktəbin direktoru Əbülfəz Əsədov bildirir ki, 480 yerlik məktəbdə hazırda 539 şagird təhsil alır. Ötən tədris ilində məktəbi bitirən 19 məzundan 8 nəfəri ali məktəbə daxil olub. Bu il məktəbdə 43 uşaq birinci sinfə, 38 nəfər isə məktəbəhazırlıq qruplarına cəlb edilib. Onlara dərs deyən 42 müəllimdən 6 nəfəri gəncdir.

    Kolleci keçən il bitirən 20 yaşlı Aytac Kazımlı müəllimlərin işə qəbul imtahanlarında 50 bal toplayıb. O, yeganə vakansiyanı tutaraq Ərkivanda ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. A.Kazımlı ötən il təqaüdə çıxan müəllimi əvəz edib. III siniflərdə dərs deyən gənc müəllim uşaqlarla dil tapmaqda çətinlik çəkmədiyini söyləyir. Əsas hədəfi ideal və şagirdlərin ən sevimli müəllimi olmaqdır.

    Cənub bölgəsində, o cümlədən Masallıda qızların məktəbə göndərilməməsi kimi fikirlər artıq köhnəlmiş sayıla bilər. Belə ki, bu il Masallı məktəblərini bitirib ali məktəbə qəbul olunan 500 nəfərin 171 nəfəri, təqribən 40 faizə yaxını qızdır. Bu da qızların təhsilə cəlb olunmasındakı ənənəvi əngəllərin aradan qalxmaqda olduğunu göstərir.

    Qeyd edək ki, 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.

    Xatırladaq ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd elektron ərizə ilə müraciət edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsi halı çoxalıb. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi