Yuxarı

Cəlilabadda “Skaut - gələcək nəslin lideri” layihəsinin təqdimatı keçirilib

​Cəlilabadda “Skaut - gələcək nəslin lideri” layihəsinin təqdimatı

Bakı. 26 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda “Skaut - gələcək nəslin lideri” layihəsinin təqdimatı keçirilib.

“Report”un xəbərinə görə, rayonun Alar kəndində baş tutan tədbirdə kəndin müəllim və şagirdləri iştirak ediblər.

İştirakçılara layihə haqqında geniş məlumat verildikdən sonra videoçarxlar nümayiş etdirilib. Daha sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb, eyni zamanda layihədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatı aparılıb.

Cəlilabadda skaut üzrə dəstə lideri Natiq Cavadov, lider köməkçiləri - Elçin AbbasovÜlkər Abbasovadır.

Yaranmış dəstənin ilkin fəaliyyəti yanvar ayından iyunun sonuna kimi davam edəcək. İyul ayında isə layihənin yekunu olaraq həm uşaq və yeniyetmələr, həm də böyükyaşlı liderlər üçün İsmayıllı rayonunda çadır düşərgəsi təşkil olunacaq.

Qeyd edək ki, layihənin əsas məqsədi skaut hərəkatının köməyi ilə rayonda yaşayan uşaq, yeniyetmə və gənclərin yeni nəsl liderlərinə çevrilməsi üçün tərəqqi imkanlarının yaradılması və onlarda komandada işləmək, könüllülük, təşəbbüskarlıq, təşkilatçılıq kimi müasir dünyəvi şəxsi keyfiyyətlərin inkişaf etdirilməsidir. Bu məqsədə çatmaq üçün layihənin bır sıra vəzifələri var. Bunlara ictimaiyyət arasında layihənin təbliği, könüllü gəncləri üzə çıxartmaqla bu sahədə yetişdirmək, skaut təlimləri və ustad dərsləri vasitəsilə mövcud gənclərdə liderlik, skaut bilik və bacarıqlarının artırılması və s. aiddir.

Xatırladaq ki, “Skaut - gələcək nəslin lideri” layihəsinə ötən ilin sentyabrın 1-də ABŞ-ın Azərbaycandakı səfirliyinin “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi