Budapeştdə "Türk mədəniyyətində dinin rolu" adlı beynəlxalq konfrans başlayıb

Budapeştdə "Türk mədəniyyətində dinin rolu" adlı beynəlxalq konfrans başlayıb Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev tədbirdə çıxış edib
Elm və təhsil
9 Sentyabr , 2015 17:47
Budapeştdə Türk mədəniyyətində dinin rolu adlı beynəlxalq konfrans başlayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Budapeştdəki Peter Pazmani Katolik Universitetində Macarıstan Elmlər Akademiyasının Türkoloji Araşdırmalar Qrupu və Seged Universitetinin birgə təşkilatçılığı ilə "Türk mədəniyyətində dinin rolu" adlı üçgünlük beynəlxalq elmi konfrans başlayıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, konfransın işində Macarıstan, Türkiyə, Rumıniya, Rusiya, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Polşa və digər ölkələrdən gəlmiş türkoloq-alimlər və elm tarixçiləri iştirak edirlər.

Tədbirdə Katolik Universitetinin rektoru, professor Sabolç Suromi, Macarıstan Elmlər Akademiyası və Seged Universitetinin birgə türkoloji araşdırmalar qrupunun rəhbəri, professor Mariya İvaniç qədim türk abidələrinin dini baxımdan öyrənilməsinin türk mədəniyyətinin humanist mahiyyətinin üzə çıxarılmasında, müasir mərhələdə dini dözümlülük və tolerantlıq mühitinin formalaşdırılmasında mühüm rolu olduğunu qeyd ediblər.

Üç gün davam edəcək beynəlxalq elmi konfransda türkoloq-alimlərin 40-a yaxın məruzəsi dinləniləcək və müzakirə ediləcək.

Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakılı beynəlxalq türkoloji konfransın açılış mərasimində iştirak və çıxış ediblər.  

Son xəbərlər

Orphus sistemi