Yuxarı

Bu tədris ilində Bakıda 1823 məktəbli məzuna fərqlənmə attestatı veriləcək

Bu tədris ilində Bakıda 1823 məktəbli məzuna fərqlənmə attestatı veriləcək
© Report/Firi Salim

Bakı. 17 iyul. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunur.

Bu barədə "Report"a İdarədən məlumat verilib.

Bu barədə təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva əmr imzalayıb.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 761, tam orta təhsil səviyyəsi üzrə isə 1062 nəfər fərqlənmə attestatı ilə bitirib.

Təhsil müəssisələrində məzunlara fərqlənmə attestatlarının təqdim olunması məqsədilə müvafiq tədbirlər keçirilir. Bu kimi tədbirlərin təşkil olunmasının əsas məqsədi daha yüksək nailiyyətləri olan məzunların nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, şagirdlərin təhsilə və məktəbə marağını daha da artırmaqdan ibarətdir.

Tədbirlərdə təhsil müəssisələrinin rəhbərliyi, müəllimlər, valideynlər və fərqlənən məzunlar iştirak edirlər.

Fərqlənmə attestatına layiq görülən məzunlara ünvanlanmış təbriklərdə onlara müstəqil Azərbaycanın layiqli vətəndaşı olmaq, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmaq arzulanıb.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi