Bu gün "Qanlı Ay tutulması" baş verəcək

Bu gün "Qanlı Ay tutulması" baş verəcək Ay tutulmasının insanlar üçün heç bir təhlükəsi yoxdur
Elm və təhsil
4 Aprel , 2015 11:53
Bu gün Qanlı Ay tutulması baş verəcək

Bakı. 4 aprel. REPORT.AZ/ "Bu gün cari ilin ilk Ay tutulması baş verəcək. "Qanlı Ay tutulması" adı verilən təbiət hadisəsi zamanı Ay Yerin kölgəsinə şimal hissədən girəcək. Tutulma saat 15:17-də başlayacaq, 17:02-də maksimum həddə çatacaq, 18:45-də isə başa çatacaq". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, Ay tutulması 3 saat 28 dəqiqə ərzində davam edəcək: "Bu təbiət hadisəsini Asiya, Avstraliya, Sakit okean və Amerikadan müşahidə etmək mümkün olacaq. Ay tutulması hadisəsi Azərbaycandan müşahidə edilməyəcək".

X.Mikayılov onu da əlavə edib ki, Ay tutulmasının insanlar üçün heç bir təhlükəsi yoxdur: "Bu, yalnız bəzi insanlara psixoloji təsir göstərə bilər ki, təqribən 5 dəqiqə müddətində ayın səthi qırmızımtıl rəngə boyanacaq. Odur ki, tutulma sırf astronomik hadisədir. Ona görə də burada hər hansı bir mənfi təsirdən söhbət gedə bilməz. Hətta Günəş tutulması elmi cəhətdən Ay tutulmasından daha çox informasiya verir".

Xatırladaq ki, bu il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək. İlk Günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti Günəş tutulması sentyabrın 13-nə, ilk Ay tutulması aprelin 4-nə, növbəti Ay tutulması isə sentyabrın 28-nə təsadüf edəcək.

Qeyd edək ki, tünd qırmızı tonlar hava mühiti amili olan Releyin yayılması nəticəsində yaranır, həmçinin qürubun qırmızımtıl rənginə səbəb olur. Tutulma zamanı Ayın boyandığı tünd qırmızı rəngə görə bəzən onu "qanlı" adlandırırlar. 

Son xəbərlər

Orphus sistemi