Yuxarı

Bu gün Azərbaycanda ilk sınaq imtahanı keçirilir

İmtahanda iştirak etmək üçün 48 123 abituriyent qeydiyyatdan keçib

Bakı. 3 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün Respublikanın 30 şəhər və rayonunda sınaq imtahanları keçirir. "Report"un məlumatına görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında, ümumilikdə 61 binada təşkil olunur.

Xatırladaq ki, birinci növbə üçün 09:00-da, ikinci növbə üçün isə saat 14:00-da başlayacaq imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48 123 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahan binasına buraxılmayacaq.

Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi