Yuxarı

Bu gün Azərbaycanda Bilik Günüdür

Azərbaycanın ümumtəhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda Bilik Günüdür. Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub. Ümumilikdə, yeni tədris ilində ümumtəhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq. 

Bu il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil alacaq.

Yeni tədris ilindən ölkə üzrə 5 yeni məktəb istifadəyə veriləcək. 220 məktəbdə əsaslı (140 məktəb) və cari (80 məktəb) təmir işləri aparılıb. 9 məktəbin tikintisi isə davam edir.

Bundan başqa, ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədrisilinə 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Həmçinin, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.

Eyni zamanda, 2015-2016-cı tədris ilindən etibarən müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq.

Bundan başqa, bu il tələbə adını qazanan 32 276 nəfərin də bu gün ilk dərs günüdür. Həmçinin, SABAH qruplarında 2015/2016-cı tədris ili üçün aparılan qəbul nəticəsində 881 tələbə qəbul olunub və bununla SABAH tələbələrinin ümumi sayı 1 636 nəfər olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi