Yuxarı

BSU nəzdindəki Məktəb-Lisey Kompleksi Moskvanın iki təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Üçtərəfli əməkdaşlıq müqaviləsində şagird və müəllimlərin qarşılıqlı səfərləri də nəzərdə tutulub

Bakı. 7 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” VI beynəlxalq elmi konfrans çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-Lisey Kompleksi və Moskva şəhərini təmsil edən K.Kərimov adına 157 saylı Azərbaycan etnomədəni komponentli orta ümumtəhsil məktəbi və Moskva şəhərinin 1583 saylı gimnaziyası arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Bu barədə “Report”a BSU-dan məlumat verilib.

Üçtərəfli əməkdaşlıq müqaviləsində şagirdlərin və müəllimlərin qarşılıqlı səfərləri, Moskvadakı Azərbaycan məktəbinin tədris vəsaitləri ilə təmin olunmasına yardım göstərilməsi, Məktəb-Lisey Kompleksinin rus bölməsi müəllimlərinin Moskva məktəblərində staj keçməyə cəlb olunması, müştərək tədbirlərin təşkil edilməsi, BSU-ya daxil olmaq istəyən Rusiya məktəbliləri üçün müvafiq kurs və məsləhət xidmətinin yaradılması və digər müddəalar daxil edilib.

Moskva məktəblərinin direktorları Elmira İsmayılova və Svetlana Dvoryantseva Məktəb-Lisey Kompleksinin maddi-texniki bazası, tədris prosesi, tədris planları və proqramları, rus bölmələri üçün dərsliklər, o cümlədən kitabxananın işi ilə maraqlanıblar. BSU nəzdindəki Məktəb-Lisey Kompleksinin direktoru İlahə Carçıyeva bu tədris ocağında həyata keçirilən layihələr, universitet və Kompleks arasındakı əlaqələr barədə məlumat verib.

Sonra qonaqlar Bakı şəhərinin 23 və 160 saylı məktəblərində olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi