​BSU ilə Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası arasında saziş imzalanıb

​BSU ilə Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası arasında saziş imzalanıb Akademiyanın Volqaqrad filialının direktorunun başçılıq etdiyi nümayəndə heyəti BSU-da olub
Elm və təhsil
7 İyul , 2015 15:52
​BSU ilə Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası arasında saziş imzalanıb

Bakı. 7 iyul. REPORT.AZ / Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Volqaqrad filialının direktoru Tyumençev İqor Aleqoviçin başçılıq etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində olub.

BSU-nun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, görüş zamanı qonaqlara universitetin yaranma tarixi və fəaliyyəti barədə söhbət açan rektor, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində mövcud olan mərkəzlər, fakültə və ixtisaslar, bu istiqamətdə kadr hazırlığı haqqında məlumat verib.

O bildirib ki, digər slavyan dilləri ilə yanaşı, BSU-da rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə və başqa sahələr üzrə mütəxəssis hazırlanır, rusistikaya aid fundamental elmi tədqiqatlar aparılır. BSU-nun Azərbaycanda rus dili və ədəbiyyatı üzrə tədris və elmi araşdırmaların mərkəzi olduğunu deyən Asif Hacıyev “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının fəaliyyətindən danışıb.

Sonra Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası ilə BSU arasında əməkdaşlıq barədə saziş imzalanıb. BSU-nun yüksək səviyyədə inkişafından razı qalan qonaqlar müqavilənin hər iki tərəf üçün gələcəkdə əhəmiyyətli olacağını vurğulayıblar.

Qeyd edək ki, imzalanmış müqavilədə birgə elmi araşdırılmaların aparılması, elmi tədbirlərin – konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-metodiki ədəbiyyatla qarşılıqlı təmin olunması, tələbə və müəllim mübadiləsi nəzərdə tutulub.

BSU ilə tanışlıq zamanı qonaqlar burada fəaliyyət göstərən Rusiya tədris və mədəniyyət, o cümlədən Sankt-Peterburq şəhərinin, Belarus, Polşa və digər slavyan dövlətlərinin mərkəzlərində olublar.

Son xəbərlər

Orphus sistemi