​BSU-da Türkiyə və Qazaxıstan universitetlərinin nümayəndə heyətləri ilə görüş keçirilib

​BSU-da Türkiyə və Qazaxıstan universitetlərinin nümayəndə heyətləri ilə görüş keçirilib Görüşdə birgə tədbirlərin təşkili və tərəflər arasında əlaqələrin daha da gücləndirilməsi üçün görüləcək işlər müzakirə edilib
Elm və təhsil
10 Sentyabr , 2015 20:19
​BSU-da Türkiyə və Qazaxıstan universitetlərinin nümayəndə heyətləri ilə görüş keçirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Türkiyənin Orta Doğu Texniki Universitetinin və Avrasiya İncələmələri Mərkəzinin nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) olub.

BSU-dan "Report"a verilən məlumata görə, görüşdə bu ali məktəbin rektoru, professor Asif Hacıyev universitetin yaranma tarixi, fəaliyyəti barədə söhbət açıb. Həmçinin rəhbərlik etdiyi ali təhsil müəssisəsində mövcud mərkəzlər, fakültə və ixtisaslar, kadr hazırlığı haqqında qonaqları məlumatlandırıb.

Bildirilib ki, BSU-da slavyanşünaslıq, tərcümə, ölkəşünaslıq, beynəlxalq münasibətlər, türkiyəşünaslıq və digər sahələr üzrə mütəxəssis hazırlanır. Eyni zamanda, universitetdə Türkiyə araşdırmaları mərkəzinin fəaliyyət göstərdiyi barədə də qonaqlara ətraflı məlumat verilib.

Universitetin xarici ölkələrin bir çox təhsil müəssisələri ilə əməkdaşlığı qonaqların diqqətinə çatdırılıb.

Görüş çərçivəsində birgə tədbirlərin təşkili, avrasiyaçılığın öyrənilməsi və tərəflər arasında əlaqələrin daha da gücləndirilməsi üçün görüləcək işlər müzakirə edilib.

Ayşegül Aydıngün və Aslan Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti rektor A.Hacıyevə təşəkkürlərini bildirərək gələcəkdə birgə görüləcək işlərin hər iki tərəf üçün faydalı olacağını vurğulayıblar.

Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli Universitetinin professorları Qulqayşa Saqidolda və Eskeeva Magripa da BSU-nun qonağı olublar.

Görüşdə universitetlərin əməkdaşlarının birgə iştirakı ilə Azərbaycan və qazax dilləri, folkloru, iki dildən tərcümə məsələləri, ədəbiyyatı üzrə müqayisəli tədqiqatların aparılması, lüğətlərin hazırlanması barədə danışıqlar aparılıb.

Son xəbərlər

Orphus sistemi