Yuxarı
    Bağlamaq

    BSU-da "Post-sovet Azərbaycanında mədəni-milli kimlik" mövzusunda elmi konfrans keçirilir

    Konfrans 3 bölmə üzrə iki gün davam edəcək

    Bakı. 17 aprel. REPORT.AZ/ Bakı Slavyan Universitetində (BSU) Böyük Britaniyanın Kembric Universitetinin və Almaniyanın Berlin-Humboldt Universitetinin birgə təşkilatçılığı ilə "Post-sovet Azərbaycanında mədəni-milli kimlik" mövzusunda ikigünlük elmi konfransın açılış mərasimi keçirilib.

    "Report" xəbər verir ki, mərasimi giriş sözü ilə BSU-nun rektoru, professor Nurlana Əliyeva açıb. Rektor Azərbaycanda müstəqillik dönəmində mənəvi dəyərləri bərpa etmək, milli-mədəni kimlik sahəsində mövcud problemləri aradan qaldırmaq istiqamətində ciddi işlər görüldüyünü diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin əsasında məhz milli-mənəvi dəyərlərin dayandığını, azərbaycançılıq ideyasının əsas götürüldüyünü qeyd edib.

    N.Əliyeva deyib ki, Azərbaycan sovet hakimiyyətinin nəzarəti altında yaşadığı 80 ilə yaxın bir vaxtda xalqın milli-mənəvi dəyərləri, inançı, milli kimliyi uğrunda mübarizə açıq şəkildə olmasa da, gizlində davam edib. Rektor həmin illərdə milli təhsilimizin də təzyiqlərə məruz qaldığını vurğulayıb.

    Sonra BSU-nun professoru Rəhillə Qeybullayeva konfransın xüsusi layihə üzrə keçirildiyini və növbəti mərhələlərinin də olacağını bildirib. O, konfransda dini dəyərlərdən tutmuş musiqiyədək bir çox mövzulara toxunulacağını söyləyib.

    AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli hazırda sürət əsrində yaşadığımızı bildirib: "Sürət əsri olduğu üçün Yer kürəsi kiçilir, mədəniyyətlər yaxınlaşır və bir-biri ilə təmas edir. Belə olan halda isə daha güclü və zəngin mədəniyyətlər digərini öz təsiri altına salır. Amma istənilən halda mədəniyyətlərin təması hər iki tərəfin daha da zənginləşməsinə səbəb olur".

    Daha sonra tədbirdə Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Berlin-Humboldt Universitetinin Azərbaycan tarixi kafedarsının müdiri Yeva-Maria Aux və Kembric Universitetinin professoru Çarlaz Melvil çıxış ediblər.

    Konfrans işini 3 bölmə üzrə davam etdirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi