​BSU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

​BSU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib Asif Hacıyev: "Əminik ki, mart soyqırımı dünya arenasında layiqli qiymətini alacaqdır"
Elm və təhsil
31 Mart , 2015 20:43
​BSU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Slavyan Universitetində (BSU) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilib.

BSU-dan "Report"a bildirilib ki, bu ali məktəbdə fəaliyyət göstərən tələbə özünüidarəetmə qurumu - Kölgə Kabinetinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə xəlifə rektor Afaq Yusifli, elmi işlər üzrə xəlifə prorektor Zamirə Həsənova soyqırımı ilə bağlı geniş məruzələrlə çıxış ediblər. Bildirilib ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, məşəqqətlərə məruz qalıb.

Çıxış edənlər erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıb, xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində son illər Prezident İlham Əliyev tərəfindən məqsədyönlü iş aparıldığını bildiriblər.

Tədbirdə Kölgə Kabinetinin üzvlərinin və BSU-nun Məktəb-lisey Kompleksi şagirdlərinin ifasında vətənpərvərliklə əlaqədar esselər, şeirlər səsləndirilib, Tayvan, Çin, Sinqapurdan olan əcnəbi tələbələrin soyqırımı ilə bağlı fikirlərini əks etdirən videoçarx göstərilib. Universitetdə təhsil alan türkmənistanlı tələbə İradə Əliyeva, pakistanlı tələbə Rahman Ahmad də soyqırımı ilə əlaqədar fikirlərini bölüşüblər.

Sonda BSU-nun rektoru, professor Asif Hacıyev bildirib ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş soyqırımıdır: "Bu dəhşətli faciə barədə məlumatları həm dünya dövlətlərinə, xalqlarına, həm də Azərbaycan gənclərinə çatdırmaq hər bir azərbaycanlının borcudur. Əminik ki, mart soyqırımı dünya arenasında layiqli qiymətini alacaqdır".

Son xəbərlər

Orphus sistemi