Braziliyada Azərbaycanın adını daşıyan bələdiyyə məktəbinin açılış mərasimi olub

Braziliyada Azərbaycanın adını daşıyan bələdiyyə məktəbinin açılış mərasimi olub Səfir Elnur Sultanov Rio de Janeyroda Azərbaycanın adını daşıyan məktəbin açılmasından qürur hissi keçirdiyini söyləyib
Elm və təhsil
17 Mart , 2016 08:25
Braziliyada Azərbaycanın adını daşıyan bələdiyyə məktəbinin açılış mərasimi olub

Bakı. 17 mart. REPORT.AZ/ Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycan adını daşıyan yeni bələdiyyə məktəbinin rəsmi açılış mərasimi olub. Bu barədə "Report"a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Mərasimdə Rio de Janeyro şəhərinin meri Eduardo Paes, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Rio de Janeyro Şəhər Şurasının üzvü, Azərbaycan Respublikasının adının məktəbə verilməsi qanununun müəllifi Joao Rikardo Ribas və Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti, deputat Rodriqo Maya nitq söyləyiblər.

Braziliyada ilk dəfə Azərbaycan adını daşıyan məktəbin açılmasını əlamətdar hadisə adlandıran E.Paes bunun Azərbaycan Respublikasına dərin hörmətin təzahürü olduğunu söyləyib. Mer bu məktəbin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayaraq, onun Azərbaycan ilə Rio de Janeyro arasında təhsil sahəsində davamlı əməkdaşlığın qurulmasında mühüm rol oynayacağını bildirib və burada təhsil alan şagirdlərin Azərbaycana bağlı olacaqlarını qeyd edib.

Səfir E.Sultanov Rio de Janeyroda Azərbaycanın adını daşıyan məktəbin açılmasından qürur hissi keçirdiyini söyləyib və bu hadisənin Azərbaycan-Braziliya uğurlu əlaqələrinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasəti və əldə edilmiş nailiyyətlər barəsində məlumat verərək son 10 ildə ölkədə 3000-ə yaxın orta məktəbin inşa edildiyini və əsaslı təmir edildiyini bildirib. O, təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb və səfirliyin məktəblə yaxından əməkdaşlıqda marağını ifadə edib. Bununla yanaşı, səfir E.Sultanov 2015-ci ildən etibarən Bakı və Rio de Janeyro şəhərlərinin qardaşlaşdığını xatırlayaraq adıçəkilən məktəbin bu şəhərlər arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Tədbir zamanı səfir E.Sultanov məktəbə Azərbaycan xalçası və ölkəmiz haqqında portuqal və ingilis dillərində materiallar, habelə, şagirdlərə Azərbaycan təsvirli köynəklər hədiyyə edib.

Mərasimin sonunda Novruz süfrəsi açılıb, qonaqlara şəkərbura, paxlava kimi Azərbaycan şirniyyatları təqdim olunub və ölkəmizin Novruz adətləri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi