Yuxarı

Böyük Qafqazda seysmik təhlükələr qiymətləndiriləcək

Böyük Qafqazda seysmik təhlükələr qiymətləndiriləcək
© Science.gov.az

Bakı. 9 aprel. REPORT.AZ/ Böyük Qafqazın 3D seysmogeodinamik modeli hazırlanacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması şöbəsindən "Report"a verilən məlumata görə, İnstitutun Seysmologiya və seysmik təhlükə şöbəsinin rəhbəri, dosent Qulam Babayev Fulbrayt Fondunun (Fulbright Foundation) qrant dəstəyi ilə ABŞ-ın Miçiqan Universitetində elmi ezamiyyətini başa vurub.

Azərbaycanlı alim ezamiyyət müddətində Miçiqan Universitetin Yer və ətraf mühit elmləri şöbəsinin professoru Natan Niyemi ilə birlikdə “Müasir metod və yanaşmalar vasitəsilə Böyük Qafqazın cənub yamacında mövcud olan seysmik təhlükənin qiymətləndirilməsi” mövzusu üzərində tədqiqat işləri aparıb.

Elmi axtarışların nəticəsi olaraq hazırda Böyük Qafqazın 3D seysmogeodinamik modelinin hazırlanması nəzərdə tutulur. Bildirilib ki, bu da, öz növbəsində, müasir geodezik və seysmik məlumatların istifadəsi nəticəsində tədqiqat ərazisində aktiv deformasiyanın sürəti və lokalizasiyasını, həmçinin geoloji və termoxronoloji məlumatların istifadəsi nəticəsində uzunmüddətli zaman intervalında Böyük Qafqaz dağ silsiləsinin formalaşma sürətini müəyyən etməyə, seysmik təhlükələrin daha dəqiq qiymətləndirilməsi imkanını yaratmağa və mövcud plitələr tektonikasının paradiqmasına yenidən baxılmasına səbəb olacaq .

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi