Mehriban Əliyeva Türkandakı 6 nömrəli xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub

Mehriban Əliyeva Türkandakı 6 nömrəli xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub Heydər Əliyev Fondunun prezidenti “Sağlam təhsil sinfi”ndə təhsil alan uşaqlara uğurlar arzulayıb
Elm və təhsil
1 Mart , 2017 19:59
Mehriban Əliyeva Türkandakı 6 nömrəli xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub.

"Report" xəbər verir ki, xüsusi internat məktəbi 1979-cu ildən fəaliyyət göstərir. 2005-2006-cı tədris ilindən internat məktəbi ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyətdədir.

Birinci vitse-prezident Mehriban Əliyeva bu məktəbdə də yaradılan “Sağlam təhsil sinfi” ilə yaxından tanış olub, aparılan tədris üsulları ilə maraqlanıb.

Məlumat verilib ki, burada sağlamlıq imkanları məhdud uşaqların biliklərə yiyələnməsi üçün lazımi şərait yaradılıb, müəssisə xüsusi avadanlıq və inventarla təchiz edilib. Bu isə öz növbəsində həmin sinifdə təhsil alan uşaqların müxtəlif yarışlarda iştirakını təmin edir. Ümumilikdə “Sağlam təhsil sinifləri” ölkəmizin 135 məktəbində fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti “Sağlam təhsil sinfi”ndə təhsil alan uşaqlara uğurlar arzulayıb.

Hazırda məktəbdə 176 şagird təhsil alır və onlardan 88 nəfəri müəssisədə yaşayır. Şagirdlər 15 sinif üzrə qruplaşdırılıb. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 101 nəfərdən ibarət işçi heyət məşğul olur. İnternat məktəbinin maddi-texniki bazası nəzərə alınaraq 2008-2009-cu tədris ilindən əmək dərslərində “Xalçaçılıq texnologiyası” fənni tədris edilir. İnternat məktəbinin şagirdləri ümumi təhsil almaqla yanaşı, Azərbaycan dekorativ xalq tətbiqi sənətinin çox qədim və geniş yayılmış növlərindən biri olan xalçaçılıq sənətinə yiyələnirlər. İnternat məktəbinin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu internat məktəbində Fondun təşəbbüsü ilə aparılan əsaslı təmirdən sonra 2014-cü il sentyabrın 15-də müəssisənin açılışında iştirak edib. Yenidənqurma işlərindən sonra məktəb kompleksində 4 korpus, 3 açıq tipli idman stadionu, 1 qapalı idman zalı istifadəyə verilib. Üçmərtəbəli böyük tədris korpusu, ikimərtəbəli tədris-istirahət korpusu, ikimərtəbəli məişət korpusu və birmərtəbəli yardımçı korpus məktəblilərin təhsil və müalicəsinə xidmət edir.

İnternat məktəbi ilə tanışlıqdan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkan qəsəbəsinin sakinləri ilə görüşüb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qəsəbə sakinlərini salamlayaraq deyib:

- Xoş gördük, Türkan qəsəbəsinin hörmətli sakinləri.

Sakinlər: Xoş gördük. Xoş gəlmisiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: - Çox sağ olun. Sizi görməyə çox şadam. Sizi ürəkdən salamlayıram. Çox şadam ki, bizim görüşlərimiz davam edir. 

Qəsəbə sakini Ziyafət Cəfərova: Hörmətli Mehriban xanım, biz də Sizə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, bu gün bizimlə görüşə gəlmisiniz. İlk növbədə, cənab Prezidentə təşəkkürümüzü bildiririk ki, Sizi bu yeni vəzifəyə təyin etdi. Biz cənab Prezidentlə, Sizinlə fəxr edirik. Sizi yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Sizi həm Azərbaycan xalqı adından, həm də Türkan camaatı adından təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Bəli, bizim üçün çox işlər görmüsünüz. Bütün Azərbaycan üçün çox işlər görmüşünüz. Bu işlər göz qabağındadır, əvəzedilməzdir. Xüsusilə, qəsəbəmizdə yenidən qurulan məktəblər, internat məktəbi, yeni bağçalar, hamısı Sizin səyinizin nəticəsidir. Bunun üçün hamı Sizə “Çox sağ ol” deyir. Sizə minnətdarlıq edirik. Sağ olun. Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Xalq Artisti Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev: Mehriban xanım, atama göstərdiyiniz diqqət və qayğıya görə mən də Sizə təşəkkürümü bildirirəm. Allah Sizə uzun ömür, cansağlığı versin. Allah həmişə Sizin köməyinizdə olsun. Sizə təşəkkür edirəm.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, sizə minnətdaram.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi