Bir müəllimin arzusu - Quba məktəblərindən - REPORTAJ

Bir müəllimin arzusu - Quba məktəblərindən - REPORTAJ Bu gün onların günüdür. Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda oktyabrın 5-i Beynəlxalq Müəllimlər günü kimi qeyd olunur. Valideynlərin öhdəliyi övladını sağlam şəkildə boya başa çatdırmaqdısa, ikinci evimiz dediyimiz məktəbdə müəllimlərin öhdəliyi də həmin övladları bilikli və bacarıqlı şəkildə sağlam gələcəyə hazırlamaqdır.
Elm və təhsil
5 Oktyabr , 2019 15:48
Bir müəllimin arzusu - Quba məktəblərindən - REPORTAJ

Bu gün onların günüdür. Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda oktyabrın 5-i Beynəlxalq Müəllimlər günü kimi qeyd olunur. Valideynlərin öhdəliyi övladını sağlam şəkildə boya başa çatdırmaqdısa, "ikinci evimiz" dediyimiz məktəbdə müəllimlərin öhdəliyi də həmin övladları bilikli və bacarıqlı şəkildə sağlam gələcəyə hazırlamaqdır.

Uzun və keşməkeşli yolun ilkin mərhələsinə qədəm qoyan gənc müəllimlərin əməyi də diqqətdən kənarda qala bilməz. Hətta son illər müəllimlik peşəsini seçən gənc müəllimlərin sayı durmadan artır.

"Report"un Təhsil Nazirliyinin Qubaya təşkil etdiyi mediaturda iştirak edən əməkdaşı bu rayonda işləyən gənc müəllimlərlə həmsöhbət olub. Həmin müəllimlər arasında builki işə qəbul imtahanlarında yüksək nəticə qazanan, buna baxmayaraq paytaxtdan kənara işləməyə gedənlər də var. 

Bu il 525 məzun ali məktəblərə qəbul olunub

Quba rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev "Report"a açıqlamasında bildirib ki, hazırda rayonda məktəblərində ümumilikdə 24 mindən artıq şagird təhsil alır. Onlardan 2 226 uşaq məktəbəhazırlıq qruplarında oxuyur: "Ötən tədris ilində 525 məzunumuz ali məktəblərə daxil olub. 69 nəfər 500-dən yuxarı bal toplayıb. Tələbə adını qazanan 525 nəfərdən 197-si məhz müəllimlik peşəsini seçib.Yeni tədris ilində Qubada fəaliyyət göstərən məktəblərdə işləmək üçün 145 müəllim təyin olunub. Onlardan 85-i daimi əsaslarla, 60 müəllim isə müddətli müqavilə ilə işə qəbul olunanlardır".

Qubaya üz tutan gənc müəllimlər

Medaitur çərçivəsində baş çəkdiyimiz ilk təhsil ocağı Quba rayonu Nurəddin Rzayev adına Əspərasti kəndtam orta məktəb olur. Təhsil ocağının direktoru Fizuli Məlikov bildirir ki, bu il yüksək bal toplayan 4 yeni müəllim işə qəbul olunub: "Hazırda məktəbimizdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur".

Direktor həmçinin bildirir ki, kənddə qızların təhsilə daha çox cəlb edilməsinə çalışırlar: "Ötən il 9 -cu sinifdə iki qız şagirdimiz vardı. Onları sonradan təhsillərini davam etdirməyə qoymadılar. Biz valideyinlərlə bu barədə söhbətlər edirik. Onlar müxtəlif səbəblər göstərirlər. Deyirlər, oxutmağa imkanımız yoxdur. Yaxud da özümüz oxutmaq istəmirik və s. Valideyinlərə başa salırıq ki, qızın oxumağı daha vacibdir. Ancaq bu sahədə uğurlarımız da az deyil. Ötən il Lənkəran Dövlət Universitetinə daxil olan qızımız olub. Onun atası isə 47 yaşında Gəncə Dövlət Pedaqoji Universitetinə daxil olub. Keçən il 7 şagirddən 4-ü ali məktəb tələbəsi adını qazanıb".

Müəllimlərin işə qəbulu imtahanında 53 bal yığaraq bu məktəbə gələn 24 yaşlı müəllim Orxan Cəfərov şagirdlərindən o qədər də seçilmir. Hətta öyrəndik ki, o, 10-cu sinfin rəhbəridir. Sinfində isə cəmi 6 şagird var, hamısı da oğlandır: "Qızların oxumağı daha yaxşı olardı. Onların buna oğlanlardan daha çox ehtiyacları var. Ötən il iki qızımız var idi. Onların təhsilləri yüksək səviyyədə olmayıb deyə, valideyinləri sənədlərini kolleclərə veriblər".

Əslən Şabran rayonundan olan O.Cəfərov tədris ilinə yeni başlasa da, artıq qarşısına hədəf qoyub ki, şagirdləri ilə dost-qardaş münasibəti yaratmağa çalışacaq. İstəyir ki, dərsdən sonra şagirdləri ona yaxınlaşıb dərdlərini rahat deyə bilsinlər.

O, 12 il yaşadığı Bakıdan Qubaya gəlməsinin səbəbini də açıqlayır: "Paytaxtın səs-küyü olması, insan sıxlığı mənə çox darıxdırıcı gəlirdi. Kənd adamlarının istiqanlılığı mənə daha şirin, səmimi görünür. Şəhərdə qapı bir qonşularından belə xəbərin olmur. Amma burada bir hadisə olan kimi kəndin bütün sakinləri bir araya gəlir. Əvvəlcədən bu kəndlə maraqlanıb sonra gəlməyə qərar vermişəm. Bura mənim üçün isti bir yerdir. Qubalılar sözü birbaşa üzə deyir. Bu, çox xoşuma gəlir. Sənin haqqında nə düşünürlərsə, onu birbaşa deyirlər".

Övladı körpə olsa da dərsdən qalmayan müəllim

16 il fizika fənni tədris olunmayan məktəbdə son 3 ildir müəllim işləyən Vüsalə İsgəndərli şagirdləri bu sahədə bilikləndirə bilir. Qəbələnin Vəndam qəsəbəsindən gələn 24 yaşlı V.İsgəndərli ilk vaxtlar şagirdlərlə işləməyin çox çətin olduğunu deyir: "Onların fizika haqqında heç bir anlayışı yox idi. Amma onlarda həvəs yarada bildim".

Bu məktəb onun şəxsi həyatında da unudulmaz an yaşadıb. O, işlədiyi ikinci ildə məktəbin laborantı ilə ailə həyatı qurub və hazırda bir övladları var. Gənc müəllim körpə uşağına qaynanasının baxdığını deyir və övladına görə məzuniyyət götürməməsinin səbəbini belə izah edir: "Bir övladıma görə mənə ehtiyacı olan onlarla şagirdi taleyin ümidinə buraxa bilməzdim".

Məktəbin İnformatika müəllimi Samirə Məmmədli Qubaya Bakıdan öz istəyi ilə işləməyə gedib. O, 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.

2015-ci ildə qərar verib ki, ucqar kəndlərdən birində informatika müəllimi işləyəcək: "Çünki universitetdə bəzi tələbə yoldaşlarımın informatika fənnində komputeri söndürüb yandırmaq kimi sadə əməliyyatları edə bilməməsinin şahidi olurdum. Bu mənə çox təsir etdi. Başa düşdüm ki, kənd məktəblərində informatika çox zəif keçirilir. Müasir texnologiya dövründə isə bu yaxşı hal deyil. Dedim bu il istənilən rayonu yazacam, təki ucqar kənd olsun. 40 balla bura işə götürüldüm. Həm təmiz havası var, həm də gediş-gəliş çətin deyil. Yaşıllıq, dağlıq yer istəyirdim. Ən əsası isə bu məktəbdə uşaqların həvəsi var. Şəhərdəki şagirdlərlə buradakılar arasında çox fərq görürəm. Bu uşaqların maraqları hədsizdir. Məqsədsiz şagirdimiz yoxdur. Çoxusu müəllim olmaq istəyir. Bu da sevindirici haldır”.

Hələ uzun müddət Qubada işləmək planı var

S.Məmmədli deyir ki, hələ uzun müddət Qubada qalıb işləmək planı var: “9-cü sinfin rəhbəriyəm. Uşaqlar çox tərbiyəlidirlər. Bir baxışla özlərini yığışdırırlar. Həmişə təzyiq və şiddətə qarşı olmuşam. Təzə gəldiyimə görə hələ sənəd işləri ilə məşğul oluram. Yazda dağda piknik etmək istəyirik. İsti havalarda dağları gedib gəzirik, meyvə yığırıq. Həmişə istəyirdim ki, işlədiyim məktəb yaşıllıqda, dağ, çay qırağı yerdə olsun. Bura gələndə sevincdən gözlərim də dolmuşdu”.

Məktəbin riyaziyyat müəllimi Aygün Məhərrəmova isə 43 balla bura işə qəbul olub. Magistr pilləsini isə fərqlənmə diplomu ilə bitirib. Əslən qubalı olan Aygün Məhərrəmova özünü burada yad hiss etmir. İki il bank sahəsində çalışan müsahibimin özəl yerlərdə fəaliyyəti olsa da, dövlət müəssisəsində işi məhz bu məktəbdən başlayır.

29 yaşlı Aysel Fərəcova isə məktəbin 5-ci sinif şagirdlərinə ingilis dilini tədris edir. Qərb Universitetinin bakalavr, Azərbaycan Dillər Universitetin magistr pilləsini bitirib.

"Bəllidir ki, kənd yerlərində ingilis dili o qədər də yaxşı tədris olunmur. Şagirdlərin gələcəyi üçün də ingilis dili vacibdir. Çünki bu dil beynəlxalq danışıq dili olduğundan hara gediriksə, tələb olunur. Sevinirəm ki, bu məktəbi seçmişəm. Mənə hansı kitabı istəsəm seçmək imkanı verilib. Məktəbdə son iki ildir ingilis dili tədris olunduğundan 10-11-ci siniflərin bazaları istənilən səviyyədə deyil. Bakıda özəl kurslarda çalışmışam. Ancaq dövlət iş yeri kimi ilk təcrübəm bu məktəbdədir. Imtahanlarda 41 bal toplamışam. Hədəfim odur ki, şagirdlərə ingilis dilində özləri ailələri barədə məlumat verməklərini istəyirəm. Çünki ilk dərs vaxtlarında özlərini təqdim etmələrini istəsəmdə bunu bacaran olmadı. Hələ ki bu məktəbdə qalmağı düşünürəm. Amma gərək şagird də müəllimi motivasiya etsin" - A.Fərəcova deyib.

Ucqar kənddə fransız dili öyrəniləcək

Sonra getdiyimiz təhsil müəssisəsi bu il yeni istifadəyə verilən Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi oldu. Məktəbin direktoru İsa Əlixanlı qeyd edir ki, hazırda məktəbdə 957 şagird Azərbaycan və rus bölməsi üzrə təhsil alır: "Azərbaycan bölməsi üzrə şagird sıxlığı müşahidə olunur. Bu ildən rus bölməsi üzrə şagirdlərin sayında da artım var. Bu il rus bölməsi üzrə I sinfə qəbul sayı 26 nəfər olub. Keçən il bu rəqəm 20 nəfər idi. Məktəbdə 76 müəllim çalışır. İki müəllim isə müddətli müqavilə ilə digər məktəblərdən dəvət olunub. Onlar da rus bölməsinin müəllimləridir. Bu il məktəbimizə fransız dilinin tədrisi ilə bağlı müəllim işə təyin olunub. O da müəllimlərin işə qəbul imtahanlarında iştirak edib. Ötən tədris ilində 14 şagird ali məktəbə qəbul olub. Rus bölməsi üzrə kimya müəlliminə ehtiyac var. Başqa fənlər üzrə kadr çatışmazlığı yoxdur".

"Heç kim müəllim olmaq istəyimin qarşısında dayana bilməzdi"

Müəllimlərin işə qəbul imtahanlarında 41 bal toplayaraq Gəncədən Qubaya gələn 23 yaşlı Şövkət Orucova Gəncə Dövlət Universitetini bitirib. Məktəbdə rus bölməsində fransız dilinin tədrisi ilə məşğul olur: "Uşaq vaxtımdan həmişə müəllimliyə həvəsim olub. Heç kim də müəllim olmaq istəyimin qarşısında dayana bilməzdi. Seçimlərim sırasında Quba birinci sırada idi. Bura gələndə məktəbin belə gözəl təmirli olduğunu bilmirdim. Gəlib görəndə daha da xoşuma gəldi, fərəhləndim. Burada qohumumuz var onlarda qalıram. 7 saat dərsim var. 5-ci sinifdən 11-ci sinfə kimi dərsim var. Məndən əvvəl məktəbdə fransız dili tədris olunub, amma durum o qədər də ürəkaçan olmayıb. Lakin şagirdlər çox çalışqandırlar. Burada da qalmaq istəyirəm. Şagirdlər hörmətlə yanaşır, hətta dəhlizdə gedəndə əlimdə çoxlu kitab olarsa kömək etmək istəyirlər".

Mediaturun son dayanacağı isə İbrahim Şahmərdanov adına Qəçrəş kənd İtam orta məktəb olur.

Şagirdlərinə görə sevinən direktor

Məktəbin direktoru Həbib Hacıyev "Report"a məlumat verir ki, rəhbərlik etdiyi təhsil ocağı son illər dinamik şəkldə inkişaf edir: "Hazırda məktəbimizdə 405 şagird təhsil alır. Onlara 32 müəllim dərs deyir. 7 müəllim rayondan kənar yerlərdən gələnlərdir. Eyni zamanda 3 yeni müəllim işə qəbul imtahanında uğur qazanaraq bizim məktəbə təyinat alıb. Gənc kadrların məktəbimizə gətirdiyi ab-hava, şagirdlərə verdiyi motivasiya uğurlarımızı hər il artırır. Bunun nəticəsidir ki, ötən tədris ilində 32 məzundan 12 nəfəri tələbə adını qazanıb. İki şagirdimiz isə kollecə qəbul olub. Bir şagirdimiz isə coğrafiya fənni üzrə respublika fənn olimpiadasında gümüş medal qazandı. Gənc kadrlara həssas yanaşırıq. Hətta onlara sinif rəhbərliyi də vermişik. Bu işin məsuliyyətli olduğunu bilsək də, onlara inanırıq. Məktəbin bütün müəllimləri öz ixtisas fənnlərini tədris edirlər. Yalnız musiqi fənni üçün ikinci iş yeri kimi müəllim gəlir".

Məktəbin Təsviri incəsənət müəllimi Aynur Abbasova 1995-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Kollecini bitirib.

Onun sözlərinə görə, 2004-cü ildən 15 il müddətində Quba rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsində qeydiyyatçı vəzifəsində çalışıb. Amma arzusu müəllim işləmək olub: "Bu ilki müəllimlərin işə qəbul imtahanında imtahan verdim və 41 bal topladım. Sonda öz sənətim üzrə işə başladım. Bu mənim üçün çox sevindirici idi. Bu məktəbin şəraiti, kollektivi ürəyimcədir. Özüm də Qubada qalıram. 10 saat dərsim var. Maaşımdan da razıyam. Sinfimdə qabiliyyəti olan şagirdlər var, çalışıram ki, onları daha da inkişaf etdirim. Əl işlərim çoxdur. Hər zaman öz sənətimə görə işləmək ürəyimdə qalmışdı. Müəllimlikdən başqa əl işlərimi sərgiləyə biləcəyim bir yer açmağı arzulamışam. Ailə vəziyyətinə görə ona imkanım olmadı. Amma müəllim olmaqla da öz sənətimi davam etdirmək şansım yarandı. Özüm də müəllim ailəsində böyümüşəm. Birinci il olduğuna görə bir az çətinlik çəkə bilərəm. Amma inanıram ki üzərimdə işləyərək daha da təkmilləşəcəyəm".

Qarşısına ən yüksək bal toplamağı məqsəd qoyan müəllim

Azərbaycan dili və ədəbiyyat müəllimi Fidan Ələsgərovanın 30 yaşı var. O, əslən Siyəzən rayonundan olsa da, Bakıda yaşayıb: "Müəllimlərin işə qəbulu üzrə imtahanda 57 bal toplamışdım. Balım Bakı məktəbli üçün keçərli olsa da, düşündüm ki, kənddəki uşaqların mənə daha çox ehtiyacı var. Gəlib gördüm ki, həqiqətən də onların mənə ehtiyacı var. 5-8-ci siniflərə dərs deyirəm. Həm də 5-ci sinfin sinif rəhbəriyəm. Sinifdə olan 29 şagirdin hamısı yaxşı oxuyur. Hər kəs bir-birinə kömək edir. Ən müsbət cəhət də budur. Bu, müəllim olaraq ilk iş təcrübəmdir. 24 saat dərsim var. Hələ ki, uşaq hazırlığı ilə məşğul olmuram. Köməyə ehtiyacı olan uşaqlara hər zaman diqqət göstərirəm.

Şagirdlərin bilik səviyyəsi gözlədiyimdən də yaxşıdır. Öyrənməyə o qədər həvəsləri var ki, onlara bilik öyrətməyə dəyər. inanıram ki, 11-ci sinfə qədər belə davam edəcək. Direktordan icazə almışam, dərsdən sonra kim hazırlaşmaq istəsə ona əlimdən gəldiyi qədər kömək edəcəyəm.

Növbəti il də imtahana girəcəyəm. Çünki məqsədim ən yüksək 60 balı toplamaqdır. Amma yenə də burada qalacağam".

İngilis dili müəllimi 27 yaşlı Fərəh Şərifova 2017-ci ildə Azərbaycan Dillər Universitetini bitirib: "Bakıda yaşasam da, tez-tez Qubaya gəlib gedirdik. Burada qohumumuz qalır. Imtahanda 43 bal toplamışdım. Elə o vaxtdan Qəçrəşdən çox xoşum gəlirdi. Insanları çox səmimi və mehribandılar. Mənzərəsi gözəldir. Bu məktəbi də hər keçəndə görürdüm. 12 saat dərsim var. Şagirdlərin gücü olmasa daxarici dil bazaları mövcuddur. Öyrənməyə həvəslidirlər. İnanıram ki, şagirdlərimə ingilis dilini daha da sevdirəcəyəm. Müəllimlər çətinliklərdən çıxmağa yardım edirlər. burada qalmaq istəyirəm".

Bütün müəllimləri peşə bayramları münasibətilə təbrik edirik. Gününüz mübarək!

Son xəbərlər

Orphus sistemi