Yuxarı

Təhsil Nazirliyi: "Bir ilə olmasa da, sonrakı müddətdə tədris həftəsinin artırılmasının müsbət nəticəsi olacaq"

Şöbə müdiri: Tədris həftəsinin 32-dən 34-ə qədər artırılması dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə orta göstəricidir

Bakı. 1 iyun. REPORT.AZ/ "Dərs müddətinin uzadılması ilə bağlı verilən qərardan sonra tədris həftəsinin 32-dən 34-ə qədər artırılması dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə orta göstəricidir. Çünki bir çox ölkələrdə bu göstərici 38, hətta 40 həftədir”.

“Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev "Asan Radio"nun "ASAN məktəb" verilişində deyib.

O bildirib ki, XXI əsrin çağırışlarına cavab vermək üçün Azərbaycanın ümumtəhsil məktəblərində tədrisə çox vaxt ayrılmalıdır: "Bu, vətəndaşlar üçün pulsuz xidmətdir. Bir dövlət vətəndaşına 2 həftə artıq təhsil verirsə, burada qəbahətli və ya təşviş doğuracaq bir hal olmamalıdır. Bu kimi dəyişikliklərin nəticələri bir-iki ilə görünmür. Yəni, bir neçə ildən sonra cəmiyyətimiz bu məsələdə hansısa dəyişikliklərin olmasından rahat şəkildə danışa biləcək. Bir il olmasa da, sonrakı müddətdə təhsil alan şagirdlər üçün bu addımın müsbət təsiri olacaq”.

Nazirlik rəsmisi hesab edir ki, hər bir dəyişiklik bəzən müəyyən narazılıqlara səbəb ola bilir: "Lakin valideynlər və şagirdlər qəbul etməlidirlər ki, Azərbaycanın təhsil sistemi inkişaf etməlidirsə, o zaman biz inkiaşf etmiş ölkələrin təhsil sisteminə uyğun şəkildə faəliyyətimizi genişləndirməliyik. Bu günə qədər təhsilə ilin 143 günü ayrılırdısa, hansısa rəqabətdən danışmaq bir az çətin idi. Təhsilin keyfiyyətinin artırılması üçün vacib olan amilllərdən bir də vaxtdır". 

Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilməyə başlanıb. Bununla da dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.

Təhsil Nazirliyi isə dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühitinin yaradılması olduğunu bəyan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi