Təhsil naziri: "Bir çox peşə təhsili müəssisələrimizin maddi-texniki bazası istənilən səviyyədə deyil"

Təhsil naziri: "Bir çox peşə təhsili müəssisələrimizin maddi-texniki bazası istənilən səviyyədə deyil" Peşə təhsil şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur
Elm və təhsil
5 May , 2016 13:02
Təhsil naziri: Bir çox peşə təhsili müəssisələrimizin maddi-texniki bazası istənilən səviyyədə deyil

Bakı. 5 may. REPORT.AZ/ "Bir çox peşə təhsili müəssisələrimizin maddi-texniki bazası istənilən səviyyədə deyil. Uzun illər ərzində peşə təhsil sistemi təcavüz nəticəsində işğal edilmiş ərazilərdən gələn məcburi köçkün kateqoriyasına daxil edilən insanların yerləşdirilməsi üçün istifadə edilib". "Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. 

Nazirin sözlərinə görə, digər tərəfdən orada təhsil proqramı qənaətbəxş səviyyədə deyil: "Bunun da səbəbi ondan ibarətdir ki, yeni iqtisadi mühit bir çox ixtisaslara olan tələbləri sürətlə dəyişib. Bu da analoji olaraq, tədris olunan fənlərin və standartların dəyişdirilməsini tələb edir. Əks halda, əmək bazarına gələn işçi qüvvəsi işə götürənlər üçün zəruri keyfiyyətlərə malik olmayacaq. Bu nöqteyi nəzərdən, yeni yaradılan Peşə təhsili üzrə Dövlət Agentliyinin mövcudluğu imkan verəcək ki, biz peşə təhsilinin daha yeni mərhələyə çıxarılması üçün konsepsiyanın həyata keçirilməsini təmin edək".

M.Cabbarov onu da qeyd edib ki, peşə təhsil şəbəkəsinin optimallaşdırılması da nəzərdə tutulur: "Proses çox güman ki, daha böyük şəhərlərdən, o cümlədən Bakı və Gəncədən başlanacaq. Hazırlanan ixtisaslara yenidən baxılacaq, məzmun daha da müasirləşdiriləcək. Təhsil Nazirliyi tərəfindən son illərdə həyata keçirilən layihələrə əsaslanaraq, bu layihələrdə artıq özəl sektorlarla əməkdaşlığı, iqtisadi subyektlərlə əməkdaşlığı, dövlət və özəl şirkətlərlə əməkdaşlığı əsas götürmüşük".

Son xəbərlər

Orphus sistemi