Yuxarı

Bakı Ali Neft Məktəbində "Biometrik elektron qeydiyyat sistemi" layihəsinin təqdimatı olub

Bu sistem Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BANM-də tətbiq edilir

Bakı. 3 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) "Biometrik elektron qeydiyyat sistemi" layihəsinin təqdimatı keçirilib. Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və "REN GROUP" MMC-nin nümayəndələri iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov fənn üzrə ayrılan auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin həmin fənndən imtahana buraxılmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bu qərarın əsas götürüldüyünü deyərək, semestr ərzində toplanan ballar arasında davamiyyətə görə də bal verilməsi, tələbələrin davamiyyət hesablamalarının aparılmasının zəruri olduğunu deyib.

E.Qasımov bu sistemin Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BANM-də tətbiq olunduğunu qeyd edib. Rektor digər ali məktəblərdə olduğu kimi tələbələrin davamiyyətinin kağız üzərində hesablanmasının zaman itkisinə gətirdiyini vurğulayaraq, bu sistemin Bakı Ali Neft Məktəbində tətbiq olunması digər üsuldan fərqli olaraq tədris prosesinin daha operativ, obyektiv və şəffaf şəkildə həyata keçirilməsini təmin edəcəyini deyib. Sistem haqqında qısa məlumat verən E.Qasımov, sistemin turniket və biometrik cihazların bir-biri ilə birbaşa əlaqəsi vasitəsilə obyektiv şəkildə işləməsi və davamiyyətin şəffaf şəkildə aparılması üçün hər bir tələbənin barmaq izləri götürülərək sistemə daxil edildiyini bildirib.

"Biometrik elektron qeydiyyat sistemi" layihəsinin rəhbəri, Bakı Ali Neft Məktəbinin Elektron-tədris şöbəsinin metodisti Elnur Səfərli rəhbərlik etdiyi layihə haqqında təqdimatla çıxış edib. Təqdimatda sistemin işləmə prinsipi, strukturu və BANM-dəki tədris prosesinin təşkilinə müsbət təsirləri olacağı haqqında məlumat verilib.

Sonda tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, biometrik elektron qeydiyyat sistemi "REN GROUP" MMC tərəfindən təchiz olunan cihazla Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində tətbiq olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi