Yuxarı
    Bağlamaq

    Bəhram Xəlilov: “Bəzən dövlət orqanının rəhbəri namizədi bəhanələrlə vəzifəyə təyin etmir”

    DİM Direktorlar Şurasının növbəti iclası keçirilib

    Bakı. 11 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. 

    Mərkəzdən “Report”a verilən məlumata görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev, Kamil Aydazadə və DİM-in İcraçı direktoru Vəfadar Misirov iştirak ediblər (Şuranın üzvü Fariz İsmayılzadə xarici ezamiyyədə olduğuna görə iclasda iştirak etməyib).

    İclasın gündəliyi əsas etibarilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) həyata keçirdiyi işlər barədə hesabatın dinlənməsindən ibarət olub.

    DİM Direkorlar Şurasının sədr müavini B.Xəlilov bu haqda geniş məruzə ilə çıxış edərək bildirib ki, Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə 9 fevral, 11 və 18 mart 2016-cı il tarixində elan edilmiş müsabiqə 17 iyul 2016-cı il tarixdə başa çatıb.

    Müsabiqəyə 76 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 482 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb və bu vəzifələrin tutulması üçün 7332 vətəndaş Komissiyada namizəd kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən namizədlərin 4603 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edib və onlardan 1306 nəfəri müvəffəqiyyət qazanaraq müsahibə mərhələsinə buraxılıb. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ olan 1306 namizəddən 953 nəfəri bu hüquqdan istifadə edib və onlardan 350 nəfəri vakant vəzifələrə uyğun bilinib.

    B.Xəlilov test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemlərdən biri kimi qeydiyyatdan keçən namizədlərin imtahanlarda iştirak etməməsini göstərib. Namizədlər asanlıqla online rejimdə qeydiyyatdan keçir, hər bir namizədin test imtahanı verməsi üçün vaxt müəyyən olunur və fərdi kompüter ayrılır. Qeydiyyatdan keçən namizədlərin imtahanda iştirak etməməsi lüzumsuz vaxt itkisinə və test imtahanı mərhələsinin uzanmasına səbəb olur. Bu sahədə digər problem onunla bağlıdır ki, bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, qanunvericiliyə zidd olaraq dövlət orqanının rəhbəri namizədi müəyyən bəhanələrlə həmin vəzifəyə təyin etmir. Düzdür, belə hallara getdikcə az rast gəlinir. Söylənilən problemlərin aradan qaldırılması istiqamətində Şura üzvləri öz təkliflərini irəli sürüblər.

    Sonra iclas iştirakçıları dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının strukturu, məzmunu barədə fikir mübadiləsi aparmış, qeyd olunmuşdur ki, tələblər əmək bazarına uyğun müəyyən olunmalıdır. Həmçinin müzakirələr zamanı dövlət qulluğuna qəbul zamanı magistr təhsilinin zəruri olub-olmaması məsələsinə də toxunulub.

    Sonra DİM Direktorlar Şurasının sədri M.Abbaszadə tələbə qəbulu ilə bağlı həyata keçirilmiş imtahanlar barədə qısa məlumat verərək qeyd edib ki, Komissiyanın bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür. Bu isə TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır.

    M.Abbaszadə məruzəsində eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də məlumat təqdim edərək bildirib ki, qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən ilə çoxalır. Bu istiqamətdə problemin aradan qaldırılması üçün iclas iştirakçıları arasında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi