Yuxarı

BƏƏ-nin Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Abu-Dabi Neft İnstitutu ilə BANM arasında əməkdaşlıq qurula bilər

Bakı. 29 oktyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbində (BANM) olub. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağa BANM-in yaranma tarixi, tələbə qəbulu prosesi, təhsil ocağının əsas hədəfləri haqqında danışıb. O, məktəbin SOCAR-ın strukturu olaraq, Prezident İlham Əliyevin fərmanı ilə yaradıldığını vurğulayıb. 

E.Qasımov bildirib ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. BANM-in dövlət ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran rektor burada təhsilin ingilis dilində olduğunu deyib.

O, BANM-in beynəlxalq əlaqələrindən söz açaraq, bu istiqamətdə görülmüş işlər haqqında səfirə məlumat verib. Elmar Qasımov vurğulayıb ki, gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, BANM dünyanın bir çox aparıcı ali təhsil ocaqları arasında müsbət imic formalaşdıra bilib, nəticədə, onlar da Ali Məktəblə qarşılıqlı əlaqələrin qurulmasında maraqlarını nümayiş etdiriblər. Elmar Qasımov BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığından söz açaraq, BANM-də tədrisin Heriot-Vatt Universitetinin kurrikulumları əsasında həyata keçirildiyini deyib.

BANM-in yeni kampusu haqda danışan rektor E.Qasımov ilin sonuna qədər bütün işlərin yekunlaşacağını və bununla da nəinki Azərbaycanda, Qafqazda ən böyük kampusun məhz BANM-in kampusu olacağını qonağın diqqətinə çatdırıb. Bununla yanaşı, rektor BANM-in tələbələrinin həm nəzəri, həm də təcrübi biliklərini möhkəmləndirmək üçün SOCAR-da və beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini qeyd edib. 

O, Abu-Dabi Neft İnstitutu ilə BANM arasında əməkdaşlığın yaradılmasında maraqlı olduğunu bildirib. 

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Azərbaycanda ingilis dilində tədris həyata keçirən, müasir tipli Ali Məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayıb. Səfir Abu-Dabi Neft İnstitutu ilə BANM arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə, eyni zamanda, ikitərəfli əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq perspektivləri, o cümlədən universitetlərarası mübadilə proqramının həyata keçirilməsi və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi