BDU-nun Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi ilə bağlı tədbir keçirilib

BDU-nun Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi ilə bağlı tədbir keçirilib 3 dildə çap olunan "Bakı Dövlət Universiteti: 15 il mətbuat aynasında" kitablarının təqdimatı da olub
Elm və təhsil
1 May , 2015 15:44
BDU-nun Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi ilə bağlı tədbir keçirilib

Bakı. 1 may. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) universitetin Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi və şöbənin dəstəyi ilə 3 dildə çap olunan "Bakı Dövlət Universiteti: 15 il mətbuat aynasında" kitablarının təqdimatına həsr olunan tədbir keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, KİV təmsilçiləri iştirak edib.

Universitetin rektoru Abel Məhərrəmov Mətbuat və informasiya şöbəsinin fəaliyyətindən, əldə etdiyi uğurlardan, mətbuatla münasibətlərindən bəhs edib. Rektor "Bakı Dövlət Universiteti: 15 il mətbuat aynasında" kitabının universitetin son 15 illik fəaliyyətindən bəhs etdiyini deyib.

Sonra BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova "15 illik şərəfli yol" adlı təqdimatla çıxış edib: "15 illik monitorinqdən bu qənaətə gəlinir ki, kütləvi informasiya vasitələri ötən müddət ərzində Bakı Dövlət Universitetinin həyatında baş verən hadisələri, ictimai maraq kəsb edən hər bir faktı diqqət mərkəzində saxlayıb. Azərbaycan KİV-ləri universitetlə bağlı hadisə və faktların oxucuya, tamaşaçıya, dinləyiciyə çatdırılmasında xüsusi səy göstərib".

BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, professor Cahangir Məmmədli BDU-mətbuat münasibətlərindən, şöbənin uğurlu fəaliyyətindən danışıb.

Tədbirdə həmçinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, "APA Holding"in prezidenti Vüsalə Mahirqızı da təbrik nitqi söyləyib. Onlar BDU-nun Mətbuat və informasiya şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın MŞ-nin diplomu ilə təltif olunduğunu bildirib və diplomu P.İbrahimovaya təqdim edib.

Sonra Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatlar yayımlayan, elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə bir neçə KİV rəhbəri, redaktorlar və jurnalistlər təltif edilib.

Təltif olunanlar arasında "Report" informasiya agentliyinin şöbə redaktoru Pərvin Abbasov da var.

Universitetin rektoru Abel Məhərrəmov isə "BDU-nun Mətbuat və informasiya şöbəsinin fəxri üzvü" xatirə mükafatı ilə təltif olunub. 

Son xəbərlər

Orphus sistemi