Yuxarı

BDU AMEA İnstitutunun nəzdində yeni mərkəz yaradacaq

Bununla bağlı BDU AMEA ilə anlaşma memorandumu imzalayıb

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universiteti (BDU) ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Bu barədə "Report"a BDU-dan məlumat verilib.

BDU-nun rektoru Abel Məhərrəmov və institutun direktoru Əlövsət Quliyevin imza atdığı memorandumda tərəflər birgə kadr hazırlığı və elmi tədqiqat işləri, istehsalatın elmi əsaslarla təşkili sahəsində razılığa gəliblər.

Qurumlar arasında daha bir müqavilə BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Elm və tədris mərkəzinin yaradılması haqqında olub. Mərkəzin yaradılmasında məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrlərdə tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, torpaqşünaslıq, aqrokimya və ekologiya sahəsində istehsalat, elmi yeniliklər və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılmasıdır.

İmzalanma mərasimində BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov da iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi