Yuxarı

​BDU 3 minədək əməkdaşının maaşını artırıb

Fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur

Bakı. 24 fevral. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) 3 minədək əməkdaşının maaşı artırılıb.

Bu barədə “Report”a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, BDU Elmi Şurası bu ildən professor-müəllim heyəti və əməkdaşların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, o cümlədən digər əməkdaşların əmək haqqı artırılıb. Hazırda dekanların əmək haqqı 1400, kafedra müdirlərinin əmək haqqı 1200, professorların əmək haqqı 1000, dosentlərin isə əmək haqqı 830 manat civarında müəyyənləşib. “Artım ümumilikdə universitetin 3 minədək əməkdaşına şamil edilib”, - məlumatda bildirilib.

Bundan əlavə, Bakı Dövlət Universitetində fəaliyyətlərinə, peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş bir qrup əməkdaşın da əmək haqqı differensasiya yolu ilə müəyyən qədər artırılıb. Həmçinin universitetin hər bir kafedrasında fakültə dekanı, tədris-metodiki şurası və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı 1 fevral 2015-ci il tarixindən etibarən cari ilin sonunadək əlavə 100 manat artırılıb ki, bu da 300 nəfərə şamil olunub.

Hazırda Bakı Dövlət Universitetində professor-müəllim heyətinin əməkhaqqı minimum 600, maksimum 1400 manat təşkil edir və orta aylıq əmək haqqı 1000 manatdır. Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi