Yuxarı

Azərbaycanda başqa xalqlarda qarşılığı olmayan nağıl süjetləri tapılıb

Qarabağın bir sıra lətifə qəhrəmanları, peşəkar nağıl söyləyiciləri üzə çıxarılıb

Bakı. 3 fevral. REPORT.AZ/ AMEA Folklor İnstitutu tərəfindən həyata keçirilən "Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanılması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərlənləndirilməsi" layihəsinin 2014-cü il mərhələsi başa çatıb. Bu barədə "Report"a İnstitutdan məlumat verilib.

Toplanmış materiallar əsasında hər biri 30 çap vərəq həcmində 9 kitabdan ibarət "Qarabağ: folklor da bir tarixdir" toplusu çap edilib, "Qarabağ folklorunun problemləri və perspektivləri" mövzusunda I beynəlxalq və 3 elmi konfrans keçirilib.

Qeyd edək ki, layihə çərçivəsində bölgədən toplanılmış mifoloji mətn, əfsanə, rəvayət, nağıl, lətifə, atalar sözü, məsəl, bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, oyunlar, uşaq folkloruna aid digər nümunələr sistemləşdirilərək elmi ictimaiyyətə çatdırılıb. İlk dəfə qaçaqlarla bağlı çoxsaylı rəvayətlər əldə edilib, Qarabağın bir sıra lətifə qəhrəmanları, peşəkar nağıl söyləyiciləri üzə çıxarılıb. Müəyyən edilib ki, 40-dan artıq nağil süjeti Azərbaycanda ilk dəfə toplanıb üzə çıxarılan nağıl süjetləridir və həmin süjetlərin 30-nun beynəlxalq "Aarne-Tompson Kataloqu"nda qarşılığı yoxdur. Digər xalqlarda qarşılığı olmayan həmin nağıllar sırf Azərbaycan nağıllarıdır və müasir folklorşünaslıq elmi üçün əhəmiyyətli tapıntıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi