Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin əməkdaşlıq etdiyi Heriot – Vatt universitetinin (HVU) nümayəndələri ilə görüşüb.
Ali Məktəbdən "Report"a verilən məlumata görə, görüşdə HVU-nin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə magistr proqramının direktoru Qreym Vayt, “Kimya mühəndisliyi” fakültəsinin dosenti, “Kömürün çıxarılması və saxlanması” üzrə innovasiyalar mərkəzinin rəhbəri Qreym Kolli, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.
E.Qasımov HVU ilə əməkdaşlığın perspektivlərindən söz açaraq bu istiqamətdə atılmış addımların böyük uğur gətirdiyini bildirib. Eyni zamanda əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə HVU-nin Ali Məktəbin tələbələrini təmin etdiyi proqram təminatından, proqramda yeniliklər və əlavələrdən danışılıb, proqram keyfiyyətinin qorunub saxlanılmasına dair addımlar müəyyənləşdirilib. Həmçinin cari ildə BANM-də HVU-nin proqramı əsasında fəaliyyətə başlayan magistratura şöbəsinin növbəti semestr proqramı təsdiq edilib və gələcək müdafiə işləri müzakirə edilərək öz həllini tapib.
Sonda professor Q.Vayt E.Qasımova tərəflər arasında əməkdaşlığın 2021-ci ilədək uzadılmasını əks etdirən sertifikat təqdim edib. Sertifikat BANM-in HVU-nin təsdiq olunmuş akademik proqramlarını tədris etmək hüququnu bir daha təsdiq edir.
Qeyd edək ki Böyük Britaniyanın nüfuzlu universitetlərindən sayılan Heriot - Vattla əməkdaşlıq edən BANM bakalavr və magistr pillələri üzrə kadrlar hazırlayır. Artıq ölkədə ingilis dilli, ixtisaslaşmış mühəndislər üzrə insan resurslarını transmilli şirkətlər xaricdə deyil, elə vətəndə - Bakı Ali Neft Məktəbində tapırlar.