BANM-in tələbəsi, Prezident təqaüdçüsü Arzu Abdullayeva: “Uğura gedən yol zəhmətdən keçir” - MÜSAHİBƏ

BANM-in tələbəsi, Prezident təqaüdçüsü Arzu Abdullayeva: “Uğura gedən yol zəhmətdən keçir” - MÜSAHİBƏ “İxtisasın kişi və qadına görə bölünməsi keçmiş yanaşmadır”
Elm və təhsil
16 Mart , 2016 11:06
BANM-in tələbəsi, Prezident təqaüdçüsü Arzu Abdullayeva: “Uğura gedən yol zəhmətdən keçir” - MÜSAHİBƏ

Bakı. 16 mart. REPORT.AZ/ Abdullayeva Arzu Etibar qızı 12 oktyabr 1997-ci ildə Rusiyanın Altay diyarında anadan olub. 2004-cü ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Məktəbdə oxuduğu illərdə dərslərinə çox ciddi yanaşmaqla bərabər, məktəbin ictimai işlərində fəal iştirak edib. 2009-cu ildən başlayaraq sistemli şəkildə məktəblilərin fənn olimpiadasında iştirak edərək 2013-cü ildə “Fizika” fənni üzrə Bakı şəhəri və Xəzər rayonu üzrə 1-ci yerə, Respublika üzrə isə 4-cü yerə layiq görülüb, fəxri fərmanlarla təltif olunub. 11-ci sinfi əla qiymətlərlə bitirdikdən sonra 2015/2016-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasına daxil olub. Prezident təqaüdçüsüdür. “Report” Arzu Abdullayevanın müsahibəsini təqdim edir:

- Qəbul imtahanı necə keçmişdi? İmtahan hansı təəssüratlarla yadda qalıb?

- Düzünü desəm, qəbul imtahanı gözlədiyimdən çox rahat keçdi. Yaradılan şərait və nəzarətçilərdən çox razı qaldım. İmtahanqabağı heç bir həyəcan hissi yox idi, əksinə böyük əminlik və məsuliyyət hiss edirdim. İmtahandan sonra həm xoşbəxt, həm də bir az məyus idim. Bu məyusluq "İngilis dili" və "Azərbaycan dili" fənnindən olan, üzərində 40 dəqiqəyə yaxın vaxt sərf etdiyim suallardan yaranmışdı və gözlədiyim kimi də oldu. Cavablarımı yoxladıqdan sonra balımın 690 olduğunu bildim. Özüm çox razı olmasam da, ailəmə və müəllimlərimə bu xoşbəxtliyi yaşatdığıma görə çox şad oldum.

- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?

- Sınaq imtahanında topladığım ballar qəbul imtahanında əldə etdiyim baldan aşağı olub. Sınaqda topladığım ən az bal 624, ən çox isə 672 olmuşdu. Amma buna baxmayaraq, müəllimlərim məndən 700 bal gözləyirdilər.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini etdikdə nəyi əsas götürməlidir?

- Qəbul imtahanında 600 baldan yüksək nəticə əldə etmək üçün son bir neçə il yox, illərin zəhməti lazımdır. Bu yola çıxmazdan əvvəl qarşına dəqiq məqsəd qoymaq, sənə inanan və səni ruhlandıran insanların olması çox vacibdir. Əsl hədəfinə çatmaq istəyən abituriyent çətinliklə rastlaşanda geri çəkilmək əvəzinə daha da irəli getmək haqda düşünməlidir. Əgər bu əziyyətlər həqiqətən çəkilərsə, nəticə də yüksək olacaq.

- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- BANM haqda məlumatları həm tələbələrdən, həm də saytlardan çoxdan toplamışdım və Azərbaycanın digər ali təhsil müəssisələrindən fərqləndirən çoxlu xüsusiyyətləri mənə tanış idi. Tədrisin müasir texnologiyalarla və xarici dildə keçirilməsinin mənim bu ali təhsil ocağını seçməyimdə bilavasitə böyük rolu oldu. Həmçinin xarici universitetlərlə əlaqələr və təhsil imkanı mənə çox böyük əminlik verdi. Seçimimə gələndə isə, “Kimya”nın geniş tətbiq sahəsi olduğuna və özümə uyğun olduğuna görə bu ixtisası seçdim.

- Adətən deyirlər ki, texniki sahə və mühəndislik peşəsi kişilərə ait sənətdir. Sən nə düşünürsən bu barədə və bu sahəyə marağın haradan yaranıb?

-Fikrimcə, ixtisasın kişi və qadına görə bölünməsi keçmiş yanaşmadır. Əsas peşəyə olan sevgi və özünü bu sahədə nə qədər doğrultmaqdır.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin?

- Gələcək təhsilini BANM-də almaq istəyən abituriyentlərə məsləhətim budur ki, indidən ingilis dili biliklərini daha da təkmilləşdirsinlər və üzləşəcəkləri çətinliklərə hazır olsunlar. Uğura gedən yol zəhmətdən keçir.

- Özünü gələcəkdə harada görürsən?

- Özümü gələcəkdə kimya sahəsində yüksək ixtisaslı, bacarıqlı və xarici dilli mütəxəssis kimi görürəm.

Son xəbərlər

Orphus sistemi