BANM-in tələbələri Rusiyada Tələbələrin I Beynəlxalq Forumunda iştirak edib

BANM-in tələbələri Rusiyada Tələbələrin I Beynəlxalq Forumunda iştirak edib Forum ərzində müxtəlif millətlərdən olan tələbələrin iştirakı ilə milli mətbəx, mədəniyyət nümunələrinin, geyimlərin nümayişi olub
Elm və təhsil
29 Mart , 2016 11:59
BANM-in tələbələri Rusiyada Tələbələrin I Beynəlxalq Forumunda iştirak edib

Bakı. 29 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Fəhmin Hüsüzadə və Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Zərifə Orucova 27 fevral-6 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin təşkilatçılığı ilə keçirilən Tələbələrin I Beynəlxalq Forumunda iştirak edərək BANM-i və Azərbaycanı bu Forumda təmsil ediblər.

Bu barədə "Report"a Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Forumun rəsmi açılış mərasimində iştirak edən tələbələr Universitetin rektoru Qeorqiyeviç Viktor Martınovla görüşərək ona Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun salamlarını çatdırıblar və BANM-in adından hədiyyələr təqdim ediblər.

Forum ərzində əsas diqqət yetirilən məsələlər sırasında tələbələrin təqdimat qabiliyyətlərinin inkişafı, texniki biliklərə yiyələnmə, beynəlxalq tələbə münasibətləri, təcrübənin ötürülməsi və s. yer alıb. Komanda işinin yaxşılaşdırılması üçün müxtəlif yarışlar təşkil edilib. Forum ərzində Qubkin Universitetində təhsil alan müxtəlif millətlərdən olan tələbələrin iştirakı ilə milli mətbəx, mədəniyyət nümunələri, geyimlərin nümayiş olunduğu tədbirdə BANM-in tələbələri də Azərbaycanı layiqincə təmsil ediblər. Tələbələr sözügedən ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələrlə, həm AMOR, həm də digər yerli təşkilatlarda təmsil olunan gənclərlə də görüşərək fikir mübadiləsi aparıblar.

Tələbələr Forum iştirakçılarına daha dolğun məlumat verilməsi üçün onlara BANM barəsində ingilis və rus dilində bukletlər, Azərbaycan haqqında müxtəlif məlumat tipli materiallar paylayıblar. Tələbələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Forumun iştirakçılarına müntəzəm olaraq məlumat veriblər və onların suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi