Yuxarı

BANM-in 6 tələbəsi İspaniyada təhsil alacaq

BANM-in tələbələri İspaniyada təhsil alacaq

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini İspaniyanın “Alcala” Universitetində davam etdirəcək. 

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib.

“Erasmus+” proqramı çərçivəsində həyata keçirilən bu tələbə mübadilə proqramı BANM-ın altı tələbəsinin beş ay müddətinə İspaniyanın “Alcala de Henares” şəhərinə göndərilməsini təmin edir.

BANM-da həmin tələbələrlə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, müəllimlər, valideynlər və dostlarını yola salmaq üçün tələbələr iştirak ediblər.

E.Qasımov qeyd edib ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 6 tələbənin İspaniyaya təhsil üçün göndərilməsi BANM-ın xarici layihələrə və universitetlərə inteqrasiyasının nəticəsidir. O qeyd edib ki, bu proqram çərçivəsində yaz semestrində digər ölkələrə də tələbələr göndəriləcək.

Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının dosenti Nailə Allahverdiyeva və Ali Məktəbin proqram meneceri Nərgiz Tarverdiyeva öz çıxışlarında tələbələrə müxtəlif tövsiyələr verib, onlara uğurlar arzulayıblar.

Görüşdə İspaniyada təhsil alacaq tələbələr çıxış edərək Azərbaycanın milli adət ənənələrini və doğma universitetlərini İspaniyada yüksək səviyyədə təmsil edəcəklərini deyib və onlar üçün yaradılmış bu imkan üçün rektora təşəkkürünü bildiriblər.

Qeyd edək ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 3-cü kurs tələbələri Kamal Bağırlı, Səkinə Nağızadə, Vəfa Məmmədova, Nicat İsmayılov, Aysu Həmidli və Nəriman Tağızadə 2019-cu ilin yanvar ayının 31-də İspaniyanın “Alcala de Henares” şəhərinə yola düşəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi