Yuxarı

BANM-in rektoru “Azərikimya”da təcrübə keçən tələbələrlə görüşüb

Bu il bu ali təhsil ocağından yay istehsalat təcrübəsinə gələnlərin sayı 62 nəfərdir

Bakı. 18 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov rəhbərlik etdiyi heyət ilə birgə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti və onlar üçün təcrübədə yaradılan şəraitlə yerindəcə tanış olmaq məqsədilə “Azerikimya” İB-nin Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavoduna səfər edib.

Bu barədə “Report”a Bakı Ali Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Rektor Elmar Qasımov və rəhbərlik etdiyi nümayəndə heyəti ''Azərikimya'' İB-nin Müşahidə Şurasının sədri, deputat Muxtar Babayevlə görüşərək Sumqayıtın dәnizkәnarı bulvarında aparılan abadlıq, quruculuq, tikinti və yaşıllaşdırma işləri ilə tanış oldular və ölkə başçısının diqqət və qayğısı sayəsində şəhərdə həyata keçirilən layihələr haqqında məlumatlandırılıblar.

Sonra BANM-in rektoru Elmar Qasımov "Azərikimya” İB-nin rəhbərliyi ilə birlikdə zavodun müxtəlif istehsalat sahələrini ekskursiya edərək istehsalat təcrübəsində olan tələbələrlə, onlara rəhbərlik və təlimat verən mütəxəssislərlə görüşüb, onlar arasında zavodda gedən iş prosesi və təcrübə haqqında fikir mübadiləsi aparılıb. 

Görüş zamanı tələbələrlə səmimi ünsiyyət quran rektor təcrübə ilə bağlı onların ilkin təəssüratlarını dinləyib, həmçinin öz tövsiyələrini verib, təcrübə müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa çağırıb. Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını deyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb. 

Elmar Qasımov tələbələrə neftçi peşəsinin çətin olmasına baxmayaraq, şərəfli olduğunu və ölkənin iqtisadiyyatını yönəltməyə qadir sənət olduğunu bildirib. O, tələbələrin gələcəkdə bu əzəmətli peşəni layiqincə davam etdirmələri üçün BANM və SOCAR şirkəti tərəfindən onlar üçün yaradılan imkanlardan tələbəçilik müddətində maksimum istifadə etmələrinin gələcəkdə peşəkar mühəndis olmaları üçün önəmli olduğunu vurğulayıb. Həmçinin, rektor “Azerikimya” İB-in istehsalat müəssisələrində tələbələrin təcrübə keçməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

''Azərikimya'' İB-nin Müşahidə Şurasının sədri, deputat Muxtar Babayev görüşdən məmnunluğunu bildirərək BANM-in heyəti və tələbələrinə “Azərikimya”da həyata keçirilən yenidənqurma və modernizasiya işləri, perspektiv layihələr haqqında məlumat verib. 

Muxtar Babayev Ali Məktəbin tələbələrinin xüsusi seçildiyini və çox istedadlı olduqlarını nəzərə çatdıraraq BANM-in apardığı təhsil siyasətini yüksək qiymətləndirib və Ali Məktəbin tələbələrinin gələcəkdə dünyanın neft-qaz, yanacaq-energetika və kimya sənayesində ən tələbatlı kadr olacaqlarına əminliyini ifadə edib. Muxtar Babayev tələbələrin Azərbaycanın ən qabaqcıl təhsil ocağı olan BANM-in tələbə adını daşıdığlarına görə çox şanslı olduqlarını bildirib və rəhbərlik tərəfindən hər bir tələbəyə ayrılan diqqəti yüksək qiymətləndirib.

Qeyd edək ki, ötən il Bakı Ali Neft Məktəbi ilə ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə ''Azərikimya'' İB-in mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına neft-kimya texnologiyalarının inkişafı ilə bağlı məruzələrin təqdim edilməsi, neft-qaz emalı, neft-kimya və idarəetmə texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş birgə seminar və konfransların təşkil olunması, habelə İB-nin əməkdaşları tərəfindən mütəxəssis hazırlığı və elmi fəaliyyətlə bağlı hazırlanmış layihələrə ekspert rəylərinin verilməsi, tələbələrin kimya sənayesi və seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərinin artırılması, nəzəri biliklərin təcrübədə daha da zənginləşdirilməsi və s. məsələlər öz əksini tapıb. Təcrübə zamanı tələbələr iki iş həftəsi ərzində Birliyin Etilen-Polietilen Zavodunun Buxar-generator kompleksi, Susoyutma qurğusu, Azot-oksigen kompleksi, Etilen və polietilen istehsalatında kimya sənayesi və seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərini artıracaq, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirəcəklər.

Xatırladaq ki, ötən il BANM-nin "Kimya mühəndisliyi” ixtisası üzrə 42 nəfər II və III kurs tələbəsi yay istehsalat təcrübəsi müddətində ''Azərikimya'' İB-in Etılen-polietilen zavodunun müxtəlif istehsalatlarında yay təcrübəsi keçmişdir. Bu il bu ali təhsil ocağından yay istehsalat təcrübəsinə gələnlərin sayı 62 nəfərdir ki, onlardan da 5-i burada təcrübələrini tamamladıqdan sonra Türkiyənin energetika sektorunda mühüm yer tutan "Petkim Petrokimya Holding A.Ş.”də təcrübələrini davam etdirəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi