Yuxarı
    Bağlamaq

    BANM-ın müəlliminin məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

    © BANM

    Bakı. 1 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının müəllimi Samin Məlikin dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan "Dinamik və Kontrol sistemlər" ("Journal of Dynamical and Control Systems") jurnalında elmi məqaləsi dərc olunub. 

    Ali Məktəbdən "Report"a verilən məlumata görə, yanvarın 24-də işıq üzü görən məqalə "Kontrolda gecikməli diskret sistemlərdə birinci və ikinci tərtib Zəruri Optimallıq şərtləri" adını daşıyır.

    Məqalədə yeni metod tətbiq edilməklə müasir mühəndislik və iqtisadi optimallaşdırma problemlərinin həllində tətbiq olunan “Eyler tip zəruri optimallıq şərtləri və xəttiləşmiş diskret maksimum prinsipi” barədə danışılıb. Qeyd edilib ki, diskret sistemlərdə optimallaşdırma məsələləri müasir riyaziyyatın ən prioritet tədqiqat sahələrindən olub, yeni çox funksiyalı texnoloji maşınların əlverişli iş prinsiplərinin təyinatı və həmçinin riyazi modelləri vasitəsi ilə gecikmiş və ya məhdudiyyətlər yaranmış bank ödənişlərinin optimal idarə olunması üçün mühüm əhəmiyyət daşıyır.

    “Tomson” reytinqli "Dinamik və Kontrol sistemlər" jurnalı ABŞ'ın çox nüfuzlu “Springer” elmi jurnallar bazasında olmaqla yanaşı "Kontrol və Optimizasiya" sahəsi üzrə dünyada 25 ən nüfuzlu elmi jurnallar siyahısındadır. Redaksiya heyəti ABŞ, Fransa və İtalya universitetlərinin professorlarından ibarət olan jurnal dünyaca məşhur SCOPUS, SciSearch, INSPEC və ZentralblattMath kimi elmi araşdırmalar bazalarına da daxildir.

    Qeyd edək ki, BANM-ın müəllimi Samin Məlik Böyük Britaniyanın Mançester Universitetində “Riyaziyyat və riyazi məntiq” ixtisası üzrə magistraturanı bitirib və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda professor Misir Mərdanovun elmi rəhbərliyi altında "Optimal idarəetmə" ixtisası üzrə dissertantdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi