Yuxarı

BANM-in 700 bal toplayan tələbəsi: “Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır”

BANM-in 700 bal toplayan tələbəsi: “Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır”

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu il qəbul imtahanında 700 bal toplayan Şəkər Qədirli Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. 

"Report" həmin müsahibəni təqdim edir:

- Şəkər, özünüz barədə bir az danışın...

- Mən Qədirli Şəkər, Göyçay rayonunun Ləkçıplaq kəndində dünyaya gəlmişəm. Öz uşaqlığımı elə həmin kənddə keçirmişəm. Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbdə orta təhsilimi almışam.

- Necə oldu ki, 700 bal toplaya bildiniz?

- Aprel ayının 1-də sınaq imtahanında 700 bal topladım və bu mənə böyük stimul verdi. İlk qəbul imtahanında 685 bal topladım, təbii ki bu məni qane etmədi. Özümə inanırdım və daha əzmlə çalışmağa davam etdim. Nəhayət, 2-ci qəbul imtahanında 700 bal topladım.

- Qəbul imtahanında göstərdiyiniz uğur kimin sayəsinda mümkün oldu?

- Qəbulda uğuruma görə ən birinci özumə minnətdaram, öz zəkam və əzmkarlığım sayəsində bu uğuru qazanmışam. Valideynlərimə, xüsusilə anama təşəkkür bildirirəm ki, mənə təhsil almağım üçün şərait yaradıblar. Anam həm də xarici dil müəlliməm olub. Hələ uşaqlıqdan anamın dünya görüşünə heyran qalırdım. Fransız dili müəlliməsi olsada mənə riyaziyyat, fizika ilə bağlı dəyərli məlumatlar verirdi. Mən həmişə anam kimi olmaq istəmişəm.

- Niyə I qrupa üstünlük vermisiniz?

- Mən yuxarı siniflərdə artıq dəqiq elmlərə marağımın daha çox olduğunu anladım. Ona görə də I qrupu seçdim.

- Ən çox hansı fənni və nə üçün sevmisiniz?

- Mən riyaziyyat, fizika, kimya kimi fənləri çox sevirəm. Xüsusilə də, həndəsə məsələlərinin, fizika məsələlərinin həllərində çox kreativəm, yəni kiminsə ağlına gəlməyən daha sərfəli yollar tapmaq mənə zövq verir. Bəzən beynimin sərhəd tanımamasına heyran qalıram.

- Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiniz?

- Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır. Son bir neçə ildə mən buna əmin oldum. Elə bacım da BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alır.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiniz?

- Boş vaxtlarımda intellektual oyunlar oynayıram, fantastik filmlər, bir də cizgi filmlərini izləyirəm.

- Mühəndis olmaq istəyirsiniz. Sizə bu peşə xanım üçün çətin olmaz ki?

- Düşünürəm, əgər bir insanın hər hansı sahədə bilik və istedadı varsa, onun qadın və ya kişi olmasının fərqi yoxdur.

- BANM-da hansı ixtisası seçdiniz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

- Mən BANM - da “İnformasiya təhlükəsizliyi” ixtisasını seçdim.

- Niyə məhz “İnformasiya təhlükəsizliyi”?

- Hazırda bu çox potensiallı sahədir. Azərbaycanın kiber təhlükəsizliyi sahəsində milli kadrlara ehtiyacı çoxdur.

- Seçiminizi özünüz etmisiz, yoxsa bacınız məsləhət gördü?

- Bu seçimi mən özüm etmişəm. Ailəm də BANM-da bu yeni ixtisasın açılmasına çox sevindilər.

- Hansı xüsusiyyətiniz sizi digərlərindən fərqləndirə bilər?

- Hələ uşaqlıqdan digər uşaqlardan davranışlarım və maraqlarımla fərqlənmişəm. Həmişə təxəyyülüm məni digərlərindən bir addım öndə edib.

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansılardır?

- Parlaq gələcəyi olan ixtisas kimi elə öz ixtisasımı görürəm – yəni, “İnformasiya təhlükəsizliyi”

- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə/strukturda görmək istəyirsiniz?

- Gələcəkdə özəl şirkət yoxsa dövlət işində işləyəcəyimi hələ qərarlaşdırmamışam. Əsas odur ki, öz ölkənə xeyirli vətəndaş olasan.

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır – şans yoxsa ...?

- Uğur əldə etmək üçün ilk öncə istedad olmalıdır, daha sonra xəyallar, məsuliyyət və zəhmət. Lakin, uğur üçün həm də şans lazımdır.

- Dostlarınız çoxdur?

- Dostum mənim anam və bacımdır. Ətrafımdakı insanlar isə tanışlarımdır.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiniz?

- Gələcək abituriyentlərə məsləhətim odur ki hər şeyə maraqla yanaşsınlar. Qaranlıq məqamların üstündən keçmək olmaz. Əyləncələrə vaxt itirməsinlər, zamana və gördükləri işə məsuliyyətlə yanaşsınlar. İnsanın həyatında bir saniyə belə önəmlidir. Bir də, yuxu rejiminə ciddi əməl etsinlər. Minimum 8 saat yatmaq lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi