BANM ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim edib

BANM ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim edib Bakı Ali Neft Məktəbi (BANM) ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim edib.
Elm və təhsil
21 İyun , 2019 11:23
BANM ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim edib

Bakı Ali Neft Məktəbi (BANM) ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim edib.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, BANM Azərbaycanda bu hesabatı hazırlayan ilk ali təhsil müəssisəsidir. Hesabatın təqdimetmə mərasimində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, EY şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova, Azərbaycan Amerika Ticarət Palatası İctimai Birliyinin icraçı direktoru Natəvan Məmmədova və BANM-in professor-müəllim heyəti iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov bildirib ki, hazırlann Dayanıqlı İnkişaf Hesabatının əsas məqsədi Ali Məktəbin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini şəffaf bir şəkildə ictimaiyyətə açıqlamaqdır. Rektor qeyd edib ki, hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinin BANM-in strategiyasına inteqrasiya olunması, Ali Məktəbin Dayanıqlı İnkişafa qarşı yanaşması əks olunub və təhsil, tədqiqat, təşkilati və əməliyyat sahələrində BANM-in dayanıqlı inkişafı da yer alıb. O vurğulayıb ki, Ali Məktəbin dayanıqlı inkişafa olan yanaşması mərkəzləşdirilmiş və məqsədyönlü şəkildə həyata keçirilib və bu prosesdə yalnız BANM-in tələbələri və əməkdaşları deyil, həmçinin Ali Məktəbin partnyorluq və əməkdaşlıq etdiyi qurumların iştirakı da təşviq edilib.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, BANM Prezident İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasını artıq yeddi ildir ki, praktiki formada uğurla həyata keçirir. Onun sözlərinə görə, Ali Məktəbin rəhbərliyi və kollektivinin öz üzərində davamlı işləməyinin nəticəsidir ki, beynəlxalq aləmin tələb etdiyi Dayanıqlı İnkişaf Hesabatını ilk hazırlayan və ictimaiyyətə təqdim edən təhsil müəssisəsidir. S.Qasımov keyfiyyətli və məzmunlu hesabata görə əziyyəti keçən hər kəsə təşəkkür edib.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il oktyabrın 6-sında imzaladığı 1066 nömrəli fərmanı ilə Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və əsas məqsəd 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etmək, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir. O, BANM-in təqdim etdiyi hesabatın Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə verilmiş bir töhfə olduğunu bildirib.

EY şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova dayanıqlı inkişaf anlayışına konseptdən daha çox dəyər kimi baxmağın vacibliyini vurğulayıb. O bildirib ki, hər şeyin kökündə təhsil dayanır. G.Fərəcova xüsusilə təhsil müəssisələrinin dayanıqlı inkişaf anlayışına dəyər kimi yanaşmağın və bunu gələcəyin mütəxəssislərinə tələbə ikən aşılamağın vacib olduğunu qeyd edib. G.Fərəcova Bakı Ali Neft Məktəbinin rəhbərliyini və kollektivini korporativ məsuliyyət anlayışını ciddi qəbul edib Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim elədiyinə görə təbrik edib və Ali Məktəbin digər təhsil müəssisələrinə nümunə olduğuna görə təşəkkür edib.

Azərbaycan Amerika Ticarət Palatası İctimai Birliyinin icraçı direktoru Natəvan Məmmədova hesabatın dolğunluğunu və məzmununu yüksək qiymətləndirib və hesabatı ali təhsil müəssisələri və şirkətlər üçün nümunəvi hesab edib.

Sonda BANM-in proqram meneceri Nərgiz Tarverdiyeva Ali Məktəbin Dayanıqlı İnkişaf strategiyası haqqında hazırlanmış qısa təqdimatla çıxış edərək hesabatda yer almış təhsil, ekoloji təsir, imkanlar və çıxışlar, məsuliyyətlilik və şəffaflıq, maddi imkanlar, partnyorlar və cəmiyyət, sağlamlıq, rifah və təhlükəsizlik, iş yeri, yenilik və tədqiqat kimi dayanıqlı inkişaf mövzularından bəhs edib.

Ali Məktəbin Dayanıqlı İnkişaf Hesabatı beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb. Hesabatdakı məlumatların düzgünlüyünə “EY Azərbaycan” şirkəti tərəfindən müsbət rəy verilib və təsdiq olunub. Bu hesabat Ali Məktəbin korporativ məsuliyyətinin göstəricisi və onun fəaliyyətinin dünya standartlarına uyğun təşkil olunmasının sübutudur. Ali Məktəb bu hesabatı hər iki ildən bir hazırlamağı öz öhdəliyinə götürüb və digər müəssisələri də Dayanıqlı İnkişaf üzrə Hesabat hazırlamağa çağırır. 

Son xəbərlər

Orphus sistemi