Yuxarı

BANM ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi anlaşma memorandumu imzalayıb

BANM ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi anlaşma memorandumu

Bakı Ali Neft Məktəbi (BANM) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında anlaşma memorandumu imzalanıb. 

BANM-dan "Report"a verilən məlumata görə, imzalanma mərasimində Ali Məktəbin və Agentliyin rəhbərliyi, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov imzalanmış anlaşma memorandumunun ali təhsil müəssisəsi və özəl sektor arasında əməkdaşlığın daha bir nümunəsi olduğunu və istər tələbələrin, istərsə də BANM-də çalışan akademik heyətin innovativ ideyalarının Agentlik tərəfindən dəstəklənməsinə şərait yaradacağını qeyd edib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik və BANM arasında anlaşma memorandumunun imzalanmasından məmnunluğunu bildirib. 

O, BANM tələbələrinin startup layihəsi ilə tanış olduğunu, gələcəkdə onların orta və kiçik sahibkarlıq vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində işlərin görüləcəyini və Agentliyin peşəkar mütəxəssislərinin tələbələrə master klasslar keçirəcəyini qeyd edib.

Bu anlaşma memorandumu bir sıra çoxsaylı istiqamətlərlə yanaşı, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin dəstəklənməsinə və ixtiraçıların fəallığının artırılmasına dəstək olacaq. Eyni zamanda imzalanmış Memorandum BANM-in nəzdində fəaliyyət göstərən elmi araşdırma mərkəzləri ilə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində BANM və Agentlik arasında əməkdaşlığın qurulmasına, həmçinin müvafiq istiqamətlərdə müştərək layihələrin icrasına töhfə verəcək.

BANM tələbələrin praktika, startap, innovasiya, ixtira və digər bu kimi fəaliyyət və təşəbbüslərini dəstəkləmək məqsədi ilə özəl sektorla yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıqlar sırasında ölkədə fəaliyyət göstərən həm transmilli şirkətlər, həm də digər müvafiq yerli qurumlar yer alır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi