Yuxarı
    Bağlamaq

    BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

    Görüşdə iki universitet arasında professor-müəllim heyəti və magistr tələbələrin mübadiləsi və digər məsələlər müzakirə olunub

    Bakı. 13 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə nümayəndəsi xanım Emi Petersen ilə görüşüb.

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil ocağı haqqında danışaraq Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, professor-müəllim heyəti və tələbələrin uğurlarından söz açıb.

    O, BANM-in fəaliyyətində beynəlxalq əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayaraq Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əlaqələri haqqında məlumat verib. E.Qasımov eyni zamanda, 2015-ci ilin yanvar ayında ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xaturun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycana səfərini xatırladıb.

    Elmar Qasımov ABŞ-ın sözügedən universitet nümayəndə heyətinin SOCAR-da və BANM-də keçirilən görüşləri haqqında danışaraq, birgə magistr hazırlığı ilə bağlı iki ali məktəb arasında razılaşma protokolunun imzalandığını da vurğulayıb. Rektor Hyuston Universiteti ilə əməkdaşlığı magistratura səviyyəsində genişləndirməkdə maraqlı olduğunu deyib.

    ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə nümayəndəsi xanım Emi Petersen rektor Elmar Qasımova qəbula görə təşəkkürünü bildirib. O, ABŞ ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişafından söz açıb. Emi Petersen BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərindən, o cümlədən ABŞ-ın Hyuston Universiteti ilə əməkdaşlığından məmnun qaldığını deyib.

    Görüşdə, həmçinin BANM-lə Hyuston Universiteti arasında professor-müəllim heyəti və magistr tələbələrin mübadiləsi, hər iki ali təhsil müəssisəsində yay kurslarının təşkili və digər məsələlər müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi