BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib

BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib Tanınmış aktyor müəllim və tələbələrin suallarını cavablandırıb
Elm və təhsil
19 Oktyabr , 2016 11:39
BANM-də xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Sənətkarla görüş” layihəsi çərçivəsində Azərbaycanın görkəmli teatr və kino aktyoru, dəyərli sənətkar, Azərbaycanın xalq artisti Fuad Poladovun Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq göruşü keçirilib.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov tanınmış aktyorun həyat və yaradıcılığından danışıb. O, əmin olduğunu bildirib ki, tələbələr bu görüşdən sonra Fuad Poladovdan eşitdikləri olduqca maraqlı hadisələrin əks olunduğu filmlərə yenidən baxmağa tələsəcəklər.

BANM-in müəllimlərini və tələbələrini salamlayaraq Fuad Poladov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirib: "Mən tez-tez gənclər qarşısında çıxış edirəm və mənim üçün vacibdir ki, bu görüşlərdən sonra onlar teatr sənəti ilə daha çox maraqlansınlar. Atatürk demişdir ki: "Teatr bir ölkənin mədəni səviyyəsinin güzgüsüdür ("Tiyatro məmləkətin kültür səviyyəsinin aynasıdır") - deyə Fuad Poladov qeyd edib. Məşhur aktyor öz gənclik və tələbəlik illərindən, bir aktyor kimi formalaşmasından, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkiliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb. Fuad Poladov filmlərdəki çəkilişlər haqqında xatirələrini danışıb və bildirib ki, teatrda işləmək onu daha cox cəlb edir. “Səhnədə olarkən aktyor tamaşaçıların enerjiyasını hiss edir. Teatrda aktyor tamaşaçını aldada bilmir. Teatrda sünilik olsa, tamaşaçı onu həmin saniyə hiss edir və ikinci dəfə teatra gəlmir” - deyə o, bildirib. Aktyor çox sevdiyi məşhur Azərbaycan şairi Vaqif Səmədoğlunun şerlərindən birini ifa edib. Fuad Poladov xüsusilə də gənclərin intellektual səviyyəsinin formalaşması üçün teatrın və ümümilikdə, incəsənətin böyük əhəmiyyətini vurğulayıb.

BANM-in “Kimya mühəndisliyi” ixtisasının II kurs tələbəsi Nazpəri İsfəndiyarzadə aktyorun sevdiyi şair Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şerini oxuyub.

Görüş zamanı tanınmış aktyor müəllim və tələbələrin suallarını cavablandırıb.

Görüşün sonunda BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov maraqlı və mənalı söhbətə görə tanınmış qonağa səmimi təşəkkürünü bildirib və ona xatirə hədiyyəsini təqdim edib. 

Son xəbərlər

Orphus sistemi