Yuxarı

BANM-də Layihə İdarəetmə Məktəbinin M7 qrupunun açılışı olub

BANM-də Layihə İdarəetmə Məktəbinin M7 qrupunun açılışı olub

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı və layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (“STRATEX”) şirkətinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən Layihə İdarəetmə Məktəbinin (SPM) tədris proqramının yeni qrupunun açılış mərasimi keçirilib.

BANM-dan "Report"a verilən məlumata görə, layihə İdarəetmə Məktəbinin növbəti tədris proqramı üçün bu dəfə aparıcı 10 müəssisəsinin 24 nümayəndəsi seçilib.

Təlim proqramının iştirakçıları arasında BP, Socar AQŞ, Socar Polymer, Paşa holdinq, Azercell, ABB, Konstitusiya Məhkəməsi, İqtisadiyyat Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi qurum və şirkətlərin rəhbər işçiləri, menecer və məsul əməkdaşları var.

Ali Məktəbin rektoru Elmar Qasımov açılış mərasimində hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb. Rektor, həmçinin, sürətlə dəyişən dünyada bacarıqların bilikdən daha ön planda olduğunu və SPM-in təlim proqramında bacarıqların öyrədilməsinin vacibliyini təlim iştirakçılarının diqqətinə çatdırıb.

Ölkənin aparıcı şirkətlərinin və dövlət, eləcə də beynəxalq qurumlarının rəhbər nümayəndələri və aparıcı mütəxəssislərindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa məlumat veriblər.

Təlim proqramı ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramına əsaslanır və 10-12 ay ərzində ayda 3-4 gün keçiriləcək.

Proqram 7 moduldan ibarətdir:

Layihələrin idarə olunması

Xərclərə (Büdcəyə) nəzarət

Risklərin idarə olunması

Liderlik və kommunikasiya

Layihə menecerləri üçün keyfiyyət

Layihələrin idarə olunmasının tətbiqi mexanizmləri

Seçmə modul (Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları və ya PMP (Professional layihə meneceri) imtahanına hazırlıq)

Hər bir modulun sonunda təlim proqramının iştirakçıları imtahan verirlər və nəticədə modulu bitirmələri haqqında sertifikatla təltif olunurlar. Eyni zamanda proqramı tam bitirdikdən sonra Corc Vaşinqton Universitetinin (CVU) Layihə İdarəetməsi üzrə Magistr Sertifikatı ilə təltif olunurlar.

SPM tədris proqramında iştirak beynəlxalq səviyyədə qəbul edilən Layihə İdarəetmə İnstitutunun (PMI) PMP (professional layihə meneceri) sertifikatını almaq üçün mühüm əhəmiyyəti var. Proqramı bitirdikdən sonra iştirakçılar həmin imtahanda iştirak edə bilər.

Hər il dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə həyata keçirilən Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması üçün onların bu proqramda iştirakına üstünlük verir. 2016-cı ildən fəaliyyətə başlamış Layihə İdarəetmə Məktəbinin indiyə qədər sayca 7 milli buraxılışı olub.

Təlim proqramında iştirak edən hər kəs idarəetmə sahəsində peşəkar bilik, riskləri əvvəlcədən düzgün qiymətləndirmək və mənfi təsir edəcək risklərlə mübarizə bilikləri, eləcə də şirkət daxilində yarana biləcək problemləri əvvəlcədən müəyyənləşdirmək kimi bacarıqlar qazanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi