Yuxarı

BANM-də ikili diplomlu yeni MBA proqramı tədris ediləcək

​BANM-də ikili diplomlu yeni MBA proqramı tədris ediləcək

Azərbaycanda ilk dəfə ikili diplomlu Neft və Qaz Menecmenti üzrə yeni MBA proqramı tədris ediləcək. Tədris proqramı Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə yenicə imzaladığı əməkdaşlıq razılaşmasına əsaslanır. 

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Yeni MBA Proqramı bu ilin sentyabrında ilk tələbələrini qəbul edəcək və tədrisin sonunda tələbələr hər iki universitetin diplomlarını alacaq.

BANM-in rektoru Elmar Qasımov bildirib ki, təzə MBA proqramı çərçivəsində yeni fənlər tədris olunacaq: “Tələbələr bizim Ali Məktəbdə dünyanın ən nüfuzlu biznes məktəblərindən biri GBS-in tədris proqramı üzrə ingiliscə təhsil alacaq. Burada qazanılan yeni biliklər və ikili diplomla gələcək məzunlara dünyanın nüfuzlu şirkətlərində yaşıl işıq yanacaq”.

GBS-in Kampus rektoru Mark Hatton deyib ki, biznes mühiti nə tələb edirsə, tədris proqramları davamlı olaraq ona uyğun yenilənir və tələbənin əsl biznes sahəsinin meneceri kimi yetişməsi, biznesi daha yaxşı qavraması üçün hər cür dəstək verilir: “Bakalavr pilləsində sadəcə ixtisas fənlərinə önəm veririksə, magistratura pilləsində ixtisasın dərinləşməsi ilə yanaşı, tələbələrə sosial bacarıqlar, liderlik, strateji analiz və qazandıqları bilikləri biznesdə praktiki tətbiq etməyi öyrədirik”.

Neft və Qaz Menecmenti üzrə yeni MBA tədris proqramı çərçivəsində tələbələrə neft-qazın treydinqi, rəqəmsal idarəetmə (digital menecment), blokçeyn menecment və digər müasir fənlər tədris olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi