Yuxarı

BANM-də iki mövzu üzrə seminar keçirilib

BANM-də iki mövzu üzrə seminar keçirilib
“Bizim məqsədimiz İT sahəsini əhali arasında tanıtdırmaq, İT karyeranın qurulmasında tələbələrdə həvəs yaratmaqdır”
© BANM

Bakı. 29 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzi “İT karyeranın inkişafı” və “Elektron hökümət həllərindən istifadə” mövzular üzrə seminar keçirilib.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Seminarda BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov, Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov və Ali Məktəbin tələbələri iştirak ediblər. Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov tələbələrə informasiya texnologiyaları sahəsi haqqında ətraflı məlumat verərək onların bu sahə üzrə karyera qurmaq imkanlarını qeyd edib. O bildirib ki, seminarın əsas məqsədi İT sahəsində karyerasını inkişaf etdirmək istəyən gənclərin peşə bacarıqlarına daha dərindən yiyələnməsini təmin etməkdir. “Bizim məqsədimiz İT sahəsini əhali arasında tanıtdırmaq, İT karyeranın qurulmasında tələbələrdə həvəs yaratmaqdır”, - R.Cabbarov deyib

Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov təqdim olunan seminarın əhəmiyyətindən danışaraq bildirib ki, müasir gənclərin İnformasiya texnologiyaları sahəsində karyera qurmaları üçün bu cür seminarlar çox vacibdir.

O qeyd edib ki, müasir dövrün əsas tələbi elektron resurslardan səmərəli istifadə və elektron hökumətin istifadəçisi olmaqdır. 

Daha sonra Elvin Cəfərov “Elektron Hökumət” haqqında ümumi məlumat verərək vurğulayıb ki, bu program müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan nşəxslərə informasiya və e-xidmətlərinin göstərilməsinə şərait yaradır.

Seminar sual-cavab sessiyası və müzakirələrlə yekunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi