Yuxarı
    Bağlamaq

    BANM-də Gənclər Fondunun növbəti layihəsinin yekununa həsr olunan tədbir keçirilib

    Tədbirin sonunda tələbələrə sertifikatlar və ARDUİNO Uno qurğuları hədiyyə olunub

    Bakı. 7 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Prezident yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində “Gənclər üçün İKT təlimləri” adlı növbəti layihənin yekununa həsr olunan tədbir keçirilib.

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    BANM-in rektoru Elmar Qasımov bu təlimlərin tələbələrin gələcəyi üçün vacib bir istiqamət olduğunu bildirib: "Ötən il ali məktəbin tələbələri və müəllimləri Gənclər Fondunun keçirdiyi müsabiqədə 12 qrant layihəsinin qalibi olublar və bu, sevindirici haldır. Gənclər Fondu ilə əməkdaşlıq tələbələr üçün əhəmiyyətli məsələdir. Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur”.

    Tədbirdə iştirak edən Gənclər Fondunun sədri Fərhad Hacıyev deyib ki, məhz bu cür ali təhsil ocaqlarının ölkədə yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir: “Mən çox sevinirəm ki, BANM-in tələbələri bizim layihələrimizdə iştirak edib qalib gəlirlər. Bu bir daha sübut edir ki, rektor Elmar Qasımovun başçılıq etdiyi ali təhsil ocağı yüksək səviyyəli mütəxəssislər yetişdirir”.

    “Gənclər üçün İKT təlimləri” layihəsinin rəhbəri və BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlili ali məktəbin rəhbərliyinə və Gənclər Fonduna rəhbəri olduğu layihənin həyata keçirilməsində verdikləri dəstəyə görə təşəkkür edib. O, qeyd edib ki, təlimin əsas məqsədi orta məktəb şagirdləri arasında elektrik, elektronika, robotiks və avtomatika mühəndisliyinə maraq yaratmaqdır.

    Tədbirin sonunda tələbələrə sertifikatlar və ARDUİNO Uno qurğuları hədiyyə olunub.

    Xatırladaq ki, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlilinin “Gənclər üçün İKT təlimləri” layihəsi qrant müsabiqəsinin qaliblərindən olub. 2016-cı ilin dekabr ayında və 2017-ci ilin yanvar ayında Mübariz İbrahimov adına Biləsuvar məktəb lisey kompleksinin, Akademik Zərifə Əliyeva adına liseyin və Suraxanı rayonu 232 №-li orta məktəbin 8-9 sinif şagirdləri üçün sözügedən layihə çərçivəsində təlimlər keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi